“Kuboku qazanmaq daha çətin olmalıdır” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komandama təşəkkür etmək istəyirəm. Bu gün çox əzmkar mübarizə apardılar. Qarşımızda ən güclü “Qarabağ” var idi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə aparırdılar. Rəqibə qol epizodu verməmişdik. Top itkisinə yol verdik. Bu da “Qarabağ”ın sevdiyi məqamlardır. İkinci hissənin əvvəlində “Qarabağ” daha aktiv idi. Beynimizdə müəyyən dəyişikliklər hazırlamışdıq. 60-cı dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Təhlükəli hücumlar qurduq, sonluğu gətirə bilmədik. Futbolçularıma 18 turda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm.
“Turan Tovuz”la iki çətin oyun keçirdik. 4 gün ərzində çox güc sərf etdik. Sadəcə olaraq yorğunluq və qol buraxmağımız bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı.
Gedənlər barədə hər hansı fikrimiz yoxdur. Amma qarşıdakı günlərdə təhlillər olacaq. Komandaya futbolçular cəlb etmək istəyirik. Bu barədə rəhbərliklə danışıqlarımız olacaq. Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirilməlidir.
“Qarabağ” layiqli qələbə qazandı. Deyəcəyim sözlər “Qarabağ”la əlaqəli deyil. Ümumiyyətlə, Cavid Cəlilovun bizim oyunumuza təyin edilməsi düzgün deyil. Çünki “Sabah”la matçdan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də “Zirə”nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75-ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi və oyunçu meydandan ikinci sarıdan sonra qovulmalı idi. Dərindən təhlil etsək, qırmızı vərəqə də verilə bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Romaonun da İsmayıla qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçum etsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm, onu bu oyuna təyin etmək doğru deyil.
Hazırlıq keçməyə vaxt azdır. Tərəfdarıyam ki, çempionatda fasilə olmasın. Böyük çempionatlarda fasilələr çox olmur. “Qarabağ”ın fasiləyə ehtiyacı var. Amma biz 5 ay ərzində 18-19 oyun keçirmişik. Düşünmürəm ki, futbolçular yorulub. Onlara fasilə verməliyik ki, bayramı evlərində qeyd etsinlər. Vaxt azlığına görə burada hazırlıq keçmək daha yaxşıdır. Hava şəraiti imkan versə, fasilələrin müddətini azaldıb kubok oyunlarının sayını artırmaq lazımdır. Kuboka 1/4 finaldan başlamışıq. Düşünürəm ki, bu, düzgün deyil. 36 oyun keçirən komanda 4-cü yeri tutur, amma Konfrans Liqasına gedə bilmir. PFL bu barədə düşünməli, qruplar təşkil etməlidir. Kuboku qazanmaq daha çətin olmalıdır. Birinci Liqa ilə Premyer Liqa arasında uçurum var”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin