Kristian Efros: “Fikrimi dəyişməmişəm”

“Bakıya futbol oynamağa gəlmişik. Əsas odu ki, özümüzə inanaq. Çalışacağıq ki, sabah hər şey yaxşı olsun”.

Komanda.az xəbər verir ki, bunu Moldovanın “Speranta” klubunun baş məşqçisi Kristian Efros Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək cavab oyunu öncəsi deyib.

27 yaşlı mütəxəssis matçın keçiriləcəyi “Bakcell Arena”da bu gün təşkil edilən mətbuat konfransında əsasən ilk oyuna toxunub:

“Məncə, Moldovada nəticə 0:0 olmalı idi. Hətta bəzi anlarda bizim hücumlarımız daha kəsərli idi. Həmin görüşdən sonra bəzi fikirlər səsləndirmişdim. Videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm. Yəni fikrimi dəyişməmişəm. Ola bilsin ki, bir qədər emosiyalarıma qapılmışam. Siz də bizim yerimizdə olsaydınız, 0:3 hesablı məğlubiyyətə layiq olmadığınızı görərdiniz”.

Gənc çalışdırıcı paytaxtımızın onda müsbət təəssürat oyatdığını vurğulayıb: “Bakı çox gözəl şəhərdi. Ümumiyyətlə, Azərbaycan gözəl ölkədi. Heç bir narazılığımız yoxdu. Hər şey ürəyimizcədi. Bakı ilə bağlı yalnız pozitiv düşüncədəyik. Eyni zamanda oyunun keçiriləcəyi stadionla bağlı da bir iradımız yoxdu”.

Efros Moldovadakı qarşılaşmadan öncə meydanın sulanmamasına da aydınlıq gətirib. O, bunu öz oyunları ilə əlaqələndirib: “Biz axmaq deyilik ki, meydanı sulayaq. Bunu “Neftçi”yə qarşı yox, özümüz üçün etmişdik. Sulu meydanda oynamağa öyrəşməmişik. Bu amili “Neftçi”yə qarşı təxribat kimi qələmə verməyin. Burda isə hər şey “Neftçi”dən asılıdı. Onlara lazım olsa, meydanı sulaya bilərlər. İstənilən şəraitdə oynamağa hazırıq”. (matc.az)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button