Koronavirusla müsahibə – Samir Abasovun ingiliscəsi
“9-luq”
Samir Abasovun ingiliscəsi
Bir vaxtlar “Milan”a qədər gedib çıxmış yapon futbolçu Keysuke Honda necə olursa, “Neftçi”yə transfer olunur. Bakıda bir həftə keçirəndən sonra futbolçu Yaponiyadakı qohumlarına məktub yazır:
“Mənə görə narahat olmayın, burda hər şey yaxşıdır. Klub rəhbərliyi məni ev və avtomobillə təmin edib. Yeganə problemim komandanın baş məşqçisi ilə hansı dildə danışacağımı hələ də müəyyənləşdirə bilməməyimdir. Baş məşqçi mənimlə ingilis dilində danışdığını düşünür, amma mən onun hansı dildə danışdığını anlaya bilmirəm”.
Rövnəq Abdullayevin xəyalındakı Albaniya
İtaliyalı mütəxəssis Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi təyin olunandan sonra AFFA-da onunla görüş keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edir. Hələ görüşün başlamasına bir saat qalmış AFFA-nın baş katibi Elxan Məmmədov Rövnəq Abdullayevə ayaqüstü, tələm-tələsik De Byazi haqda məlumat verir, onun Albaniya milli komandasındakı uğurlu işindən danışır. Abdullayev De Byaziylə əl sıxıb, kameralara gülümsəyərək şəkil çəkdirəndən sonra tərcüməçiyə “bala, tərcümə elə” deyərək, danışmağa başlayır:
“Mən çox sevinirəm ki, Almaniya kimi böyük komandada böyük işlər görən bir mütəxəssis bundan sonra bizimlə əməkdaşlıq edəcək. Biz əvvəllər Almaniya millisi ilə bir necə dəfə qarşılaşmışıq. Amma mən bildiyimə görə təəssüflər olsun ki, həmin oyunların heç birində qələbə qazana bilməmişik. Baxmayaraq ki, o vaxt bizim komandanın baş məşqçisi də almaniyalı Foqıts idi. Biz Foqıtsdan çox razı idik. Ümid edirəm ki, Foqıts kimi siz də bizimlə uzun müddət əməkdaşlıq edərsiniz. Biz bəlkə də, tez bir vaxtda Almaniya milli komandasının səviyyəsinə çata bilmərik. Lakin inanırıq ki, siz Almaniya milli komandasında qazandığınız uğurların heç olmasa, yarısını burda əldə edərsiniz. Bir daha sizi salamlayıram, xoş gəlmisiniz, səfa gətirmisiniz”.
Visente Qomesi şoka salan məlumat
“Sabah”ın cari mövsümdə Premyer Liqada uğursuz çıxış etməsinin səbəbi məlum olub. Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi komandanın dünən istefa verən baş məşqçisi Visente Qomesə Azərbaycan Premyer Liqasında elitanı heç bir komandanın tərk etmədiyini deyəndən sonra ispan mütəxəssis əvvəlcə şok keçirib. O, təxminən bir ay şok vəziyyətində olub. Sonrakı bir ayı isə Qomes klub rəhbərliyindən aldığı məlumatın doğru olub-olmadığını araşdırmaqla keçirib. Mövsümün sonunda Azərbaycan Premyer Liqasını heç bir komandanın tərk etməyəcəyinə əmin olandan sonra isə ispan mütəxəssisdə arxayınlaşma yaranıb. Bu vacib məlumatı baş məşqçisinə çatdırdığı üçün peşman olan “Sabah” rəhbərliyi isə çıxış yolunu Qomeslə yolları ayırmaqda görüb.
Elan
Bakı şəhərində Avropanın ulduz futbolçularının orijinal formalarının satışını həyata keçirən mağaza fəaliyyətə başlayıb. Formalar bir çox məşhur futbolçuların geyinib istifadə etdikləri formalardır. Bu formaların çoxu Azərbaycan milli komandasının oyunlarından sonra, şəxsən rəqib komandaların futbolçularından xahiş-minnətlə, əzab-əziyyətlə əldə edilib.
Mağazanın sahibi Azərbaycan milli komandasının keçmiş futbolçusu Mahir Şükürovdur.
Siz də mağazamızdan məşhur futbolçuların formalarını əldə etməyə tələsin!
Koronavirusla müsahibə
Koronavirus müsahibə verir:
- Sizcə, ən çox təsir etdiyiniz futbol çempionatı hansıdır?
- İngiltərə Premyer Liqası ilə Almaniya Bundesliqası. İngilis və alman futbol azarkeşlərinin söyüşlərini hər gün, hər dəqiqə, hər saniyə eşidirəm.
- Bəs ən az təsir etdiyiniz futbol çempionatı hansıdır?
- Ən az? Azərbaycan Premyer Liqası! Məndən əvvəl də stadionları boş idi, mən gələndən sonra da boşdur.
Hazırladı: Kürşad
Bizi Facebook-da izləyin