Konfrans Liqası: “Neftçi” ilə “Sabah”ın oyununun vaxtı və təyinatları açıqlandı
“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki ilk oyunlarının vaxtı və təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki komanda avqustun 10-da rəqibini öz meydanında qəbul edəcək.
“Sabah”ın Serbiya klubu “Partizan”la “Bank Respublika Arena”da keçirəcəyi görüş saat 20:00-da başlayacaq. Oyunu gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək. Ona həmyerliləri Levan Varamişvili və Zaza Pipia kömək göstərəcəklər. Matçın 4-cü hakimi Aleko Aptsiauri olacaq.
“Neftçi” isə Türkiyə təmsilçisi “Beşiktaş”ı saat 21:00-da 8-ci km stadionunda qəbul edəcək. Bu oyuna İsveçrədən olan hakimlər briqadası təyinat alıb. Lukas Fandrix baş, Conas Erni və Guillaume Mayre köməkçi hakim olacaqlar. Ehtiyat referi funksiyasını Lionel Tsçudi yerinə yetirəcək. Bu arada, Lukas Fandrix bir həftə əvvəl “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv”a Polşada 2:3 hesabı ilə məğlub olduğu matçı idarə edib.
“Neftçi”nin “Beşiktaş”la səfər oyununun vaxtı da müəyyənləşib. Avqustun 17-də İstanbulda keçiriləcək oyun saat 21:00-da start götürəcək.
Bizi Facebook-da izləyin