“Komandanın sürətli olmasından razı qaldım”
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununda Ukraynanın “Mariupol” klubuna 2:1 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov görüş və hazırlığın arxada qalan hissəsi barədə fikirlərini klub saytına açıqlayıb:
“Toplanışın ilk günündən futbolçuların istəkli olmaları sevindiricidi. Bu gün ilk yoxlama matçını keçirdik. İki gün öncə ağır fiziki hazırlıq yerinə yetirib, dünən bir məşq etmişdik. “Mariupol”la görüş sürət baxımından çox yaxşı oyun oldu. Komandanın həm texniki, həm də sürətli olmasından razı qaldım. Oyunçularda istək hiss olunur”.
Qurbanov ilk oyununu keçirən yeni transfer Merab Qiqaurinin çıxışından və komandanın meydanda özünü yaxşı tərəfdən göstərməsindən də razı qalıb: “Merab baxdığımız, potensialına inanaraq heyətə qatdığımız futbolçudu. Bu gün meydanda yaxşı hərəkətli idi. Həm onun, həm komandanın oyunundan razı qaldım. Qələbə qazandıq ki, bu da komandanın əhval-ruhiyyəsi üçün yaxşıdı. Futbolçuların uduzmaq istəməməsi matçın gedişində hiss olunurdu. Çox yaxşı mübarizə apardılar, qələbə qazandılar. Rəqib də Ukrayna Premyer Liqasında mübarizə aparan çox ciddi komandadı. Futbolçular yaxşı əzmkarlıq göstərdilər. Xarakter nümayiş etdirdilər”.
Bizi Facebook-da izləyin