“Komandanın qarşısına konkret məqsəd qoyulmayıb”
AFFA-nın Yüksək Qızlar Liqasında iştirak edən və mövsümə qələbə ilə başlayan “Araz-Naxçıvan”ın qızlardan ibarət komandası ilk matçda “Şəmkir”i məğlub edib.
Komanda.az xəbər verir ki, uzun marafona qalibiyyətlə başlayan “qırmızı-ağlar”ın baş məşqçisi İradə Quliyeva bunu surpriz hesab etməyib.
O, klub saytına açıqlamasında qələbənin sirrini bu cür izah edib:
“Heyətə cəlb etdiyim oyunçular futbola dünən başlamayıb. Onlar mütəmadi olaraq məşqlərdə iştirak edir, müxtəlif turnirlərə qatılırdılar. Bu məqamda “Araz-Naxçıvan” rəhbərliyinə təşəkkür edirəm, bizə şərait yaratdılar və dəstək oldular. Biz də bu klubun adından ölkə çempionatına qatıldıq. Qızlar oyuna çox həvəslə çıxmışdılar. Böyükhesablı qələbə qazanmağımızı da buna bağlamaq istərdim. Çünki rəqibimiz olmuş “Şəmkir” heç də zəif komanda deyildi. Yeni mövsümə qələbə ilə başlamaq növbəti oyunlara daha motivasiyalı hazırlaşmağımız üçün stimul olacaq”.
Təcrübəli mütəxəssis planlarından bəhs edərkən iddialı olduğunu da gizlətməyib:
“Komandanın qarşısına konkret məqsəd qoyulmayıb. Amma baş məşqçi kimi, əlbəttə, hər zaman yüksək yerlər uğrunda mübarizə aparmağa çalışmışam. İşlərimizi də bu istiqamətdə qurmuşuq. Bilirəm, asan olmayacaq. “Araz-Naxçıvan” olaraq çalışacağıq ki, mövsümü yüksək yerlərdən birində başa vuraq. Klub rəhbərliyi bizim üçün normal şərait yaradıb. Qızlar da iddialıdır. Onlar da istəyirlər ki, həm mükafatçılar sırasına düşək, həm də özlərini inkişaf etdirməklə gələcəkdə millinin üzvünə çevrilsinlər”.
Bizi Facebook-da izləyin