“Komandanın potensialı buna imkan verir” – Tural Axundov
“Kəpəz”in kapitanı Tural Axundov klubun mətbuat xidmətinə müsahibə verib.
Komanda.az sizi həmin müsahibə ilə tanış edir:
– Tural, məşqlər necə gedir?
– Gündə iki dəfə məşq edirik. Səhər və axşam olmaqla hazırlıq keçirik. Günün ilk məşqində əsasən fiziki çalışmalar üzərində işləyirik. İkincidə isə toplu məşqlər edirik. Çalışdığımız qədər baş məşqçinin verdiyi tapşırıqların öhdəsindən gəlməyə səy göstəririk.
– Hər hansı bir çətinlik var?
– Yox, hər şeyimiz normaldır. Yaxşı şəraitlə təmin olunmuşuq. Qaldığımız otel, qidalanma, məşq meydançaları yüksək səviyyədədir. Hazırlığımız gərgin və maraqlı keçir. Fiziki məşqlər çətin olsa da, qarşıya qoyulan hədəfə çatmaq istəyirik. Bu, bizim üçün çox vacibdir. Qarşıda çempionatın daha iki dövrəsi durur. Ona görə yaxşı hazırlaşmalıyıq. Daha yaxşı çıxış etməliyik. Kollektivin potensialı da buna imkan verir.
– Yeri gəlmişkən, komandada əhval-ruhiyyə necədir?
– Heyətdə həm gənc, həm də təcrübəli futbolçular var. Sıralarımızda komandaya yeni qoşulan futbolçular da yer alıblar. Düzdü, uyğunlaşma prosesi vaxt aparandır. Amma bir kapitan olaraq demək istəyirəm ki, belə şeylər bizim üzərimizə düşür. Çalışırıq ki, tez adaptasiya olsunlar. Çox şükürlər olsun ki, mehriban kollektivə sahibik, futbolçular arasında xoş ünsiyyət, qarşılıqlı hörmət var. İnşallah, belə də davam edərik.
– Yoxlama oyunları haqqında nə düşünürsən?
– Əlbəttə, toplanış müddətində keçirilən oyunların nəticəsi əsas götürülmür. Vacib olan çatışmazlıqları görüb aradan qaldırmaqdır. Ona görə də belə görüşlər hər bir klub üçün önəmlidir. Məşqçi futbolçularını iş başında görməlidir. Rəqiblər də xarici komandalar olduğundan meydanda rəqabət, həyacan olur. Üç matçımız var, yaxşı komandalardır. Zəif deyillər, oynayıb gücümüzü görəcəyik. Həm özümüz, həm də komandanın adı üçün yaxşı çıxış etməyə çalışacağıq.
Bizi Facebook-da izləyin