“Komandamızın intizamlı oynaması bizi də təəccübləndirdi” – Elxan Məmmədov
AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanın səfərdə Xorvatiya millisinə 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Məmmədov həm əsas milli, həm də U-19 millisi ilə bağlı sualları cavablandırıb:
- İlk növbədə əsas yığma yox, U-19-a dair sual vermək istərdik. Avropa çempionatının elit-raundunda meydan sahibi Rusiya ilə qolsuz bərabərlik sizin üçün nə dərəcədə gözlənilməz oldu? Yəqin ki, oyunu da izləmisiniz…
- Bəli, oyunu Zaqrebdən izləmək imkanımız oldu. Kollektiv bu yarışa yaxşı hazırlaşmışdı. Turnirdəki ilk oyunda komandanın bacardığının ən yaxşısını ortaya qoyacağını gözləyirdik. Bu matçdan əvvəl baş məşqçi Vüqar Məmmədlə müzakirələrimiz oldu və o da ilk oyunun olduqca önəmli olduğunu bildirdi. Hesab edirəm ki, uşaqlar bacarıqlarını ortaya qoydular. Unutmayaq ki, ilk rəqibimiz meydan sahibi idi. Aydın məsələdir ki, Rusiya yığması bu oyuna 3 xal qazanmaq üçün çıxmışdı. Təəssüf ki, biz də 3 xalı əldə edə bilmədik. Hərçənd, bunun üçün imkanlarımız var idi. Hər halda ilk oyunda ilk xalımızı qazandıq və bu da olduqca vacib idi. Hesab edirəm ki, U-19 start oyunu üçün çox yaxşı nəticə əldə etdi. Bu nəticə ümumi ab-havanı yaxşılaşdırdı.
- U-19-un qarşısında elit-raundda konkret məqsəd qoyulubmu?
- Komandanın qarşısına qoyulan ilk məqsəd elit-raunda yüksəlmək vəzifəsi idi. Bunun öhdəsindən gəldikdən dərhal sonra final mərhələsinə vəsiqə vəzifəsi qoyuldu. Futbol elə bir şeydi ki, yerində dayanmaq olmaz. Anlayırıq ki, elit-raundda zəif rəqib yoxdur. Çünki ümumi iştirakçı sayının tən yarısı artıq turnirdən ələnib. Baxmayaraq ki, final mərhələsi heç bir əlaqəmiz olmayan ölkədə baş tutacaq, məqsədimiz ora yüksəlməkdi.
- İndi isə qayıdaq az əvvəl başa çatmış Xorvatiya – Azərbaycan oyununa. Oyundan əvvəl əksər fikirlər belə idi ki, yığma böyük hesabla məğlub olacaq. Nikola Yurçeviç nələri dəyişə bildi və ümumiyyətlə, millimizin oyunundan razı qaldızmı?
- Yekun nəticədən yox, amma millimizin oyunundan razı qaldıq. Açığı, bizim üçün də dünya çempionatının gümüş mükafatçısı ilə matçda ilk qolu millimizin vurması sürpriz oldu. Görünən budur ki, baş məşqçi oyunu əks-hücumlar üzərində qurmaq tapşırığını vermişdi. 90 dəqiqə ərzində komandamızın intizamlı oynaması bizi də təəccübləndirdi. İlk kəsərli əks-hücumdan sonra Şeydayev fərqlənə bilməsə də, ikinci şansından maksimum yararlandı. Fasilədən sonra da qol epizodlarımız oldu. Xüsusilə Dmitri Nazarovun epizodunu qeyd edərdim. Elə Rahil Məmmədov da qol imkanı yaxaladı. Düşünürdük ki, komanda oyunun sonunda yorulacaq. Lakin millimiz son on dəqiqəni hücumda keçirdi. Diqqətinizi bir maraqlı detala da yönəltmək istəyərdim. Oyunun sonlarıdır və favoritlə oyunda hesabda 1:2 geridə olduğumuz vaxtda Yurçevic Qaranı meydandan çıxarır və ikinci forvard – Rüfət Dadaşovu döyüşə ataraq dünya ikincisi ilə matçı xilas etməyə can atır. Bu da yəqin ki, futbolçularla məşqçinin bir-birlərini hiss etməsindən xəbər verir. Görünür, həm komanda, həm də məşqçi bu oyunu xilas etməyin mümkünlüyünü hiss etmişdilər. Unutmayaq ki, Yurçeviç milliyə vur-tut bir aydır təyin olunub və bu müddət kəsiyində nə toplanış keçirib, nə də yoxlama oyunu. Bir tərəfdən qrupun favoriti ilə ilk oyunda qarşılaşmaq arzuolunmaz olsa da, digər yandan yaxşıdır. Çünki belədə əsl gücünü görə bilirsən.
- Sərgilənən futbol Azərbaycanın AÇ-2020-yə yüksəlməsi üçün nə qədər şans verir?
- Aydın məsələdir ki, qrupun aşkar favoriti Xorvatiyadır. Bu səbəbdən də bütün mübarizə hələ irəlidədir. Düşünürəm ki, bizim üçün ən önəmli oyunlar iyunda olacaq. Macarıstan və Slovakiya ilə qarşılaşmaları nəzərdə tuturam.
- Həmin rəsmi görüşlərədək hansısa təlim-məşq toplanışı təşkil olunacaqmı?
- Bəli, may ayında toplanış keçirəcəyik. Toplanışı ölkə xaricində təşkil etməyi planlaşdırırıq. Mayın sonuna təsadüf edəcək hazırlıq zamanı millimiz yoxlama görüşü də keçirəcək.
- Adətən, bu sual millinin qələbələrindən sonra səsləndirilir. Hər halda maraqlıdır, mükafat hər oyuna görə qoyulacaq, yoxsa hansısa vəzifənin öhdəsindən gəldikdə?
- Mükafat iki yerə bölünür. Qalib gəldikdə mükafat fondunun 50 faizi ödənilir. Qrupda ilk 2 pillədən birini tuta bilsək, yerdə qalan vəsait də komandaya veriləcək. (Report)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin