
Siyasət Əsgərov: “Komandamız rəqibə yuxarıdan aşağı baxırdı”
Azərbaycanın qadınlardan ibarət futbol millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Litva yığmasına qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 0:5 hesablı məğlubiyyəti belə şərh edib:
“Sizə təşəkkür edirəm. İlk dəfədir ki, oyundan sonra mətbuat konfransım olur. Bu məğlubiyyətdən sonra bu mənzərə məni yaxşı mənada üzdü. Qızlar sanki hansı komandayla qarşılaşdıqlarını bilmirdilər. Çox səhvlər etdik. Həyəcan, azarkeşlərin çoxluğu təsir etdi. İlk dəqiqədə buraxdığımız qollar komandanı ruhdan saldı, öz oyun sistemimizdən uzaqlaşdıq. Sistemdə də dəyişiklik etdik, lakin olmadı. Şanslarımız var idi, lakin sonluqlar yox idi. Bu məğlubiyyətin əsas səbəbkarı bir məşqçi kimi mənəm. Çünki bu İspaniya, Almaniya komandası deyil, Litva komandasıdır.
Komandamızın rəqibə yuxarıdan aşağı baxmağı var idi. Bu bizim səhvimiz oldu. Biz bu gün fərqli sistemdə oynadıq ki, çalışdığımız qədər qol vuraq. Cinahlarda boşluqlarımız oldu. Azarkeşlərə təşəkkür edirəm ki, gəldilər. Lakin üzülürəm ki, belə məğlubiyyət oldu.
Federasiya rəhbərliyinin qadın futboluna münasibəti çox ürəkaçandır. Son dönəmlərin ən yaxşı dəstəyi var idi.
Bu gün bizim qazandığımız tək şey aşağı yaşlı qızları – Ayşən və Xanımı oynatmağımız oldu. Aşağıdan gələn futbolçularımızda vəziyyət ürəkaçan deyil. Biz təəssüf ki, çox çətinlik çəkirik”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin



