“Onu məşqdə görsəz, çox xoşbəxt olduğuna və yaxşı oynadığına şahid ola bilərsiz” – Tuxel
PSJ-nin baş məşqçisi Tomas Tuxel Fransa superkubokunda “Renn”ə qarşı keçirəcəkləri matçdan əvvəl açıqlama verib.
Komanda.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, çətin qarşılaşmada qalib gəlmək üçün çalışacaqlarını deyib:
“Keçən mövsümlə müqayisədə çox şey dəyişməyib, heyətin böyük hissəsi ilə hazırlaşmışıq. Dünya çempionatından sonra geridə qalan mövsüm çox çətin keçmişdi. Buna baxmayaraq, öz futbol anlayışımızı inkişaf etdirdik, bu komandanın öz strukturu var. Artıq detallar üzərində işləməli, yeni sınaqlar keçirməli və öz ruhumuzu kəşf etməliyik. İndi hər şey daha asandır, yaxşı səviyyəyə çatmışıq və bu inkişafı davam etdirməliyik.
Hər zaman öz futbol ruhumuzla oynayırıq və mümkün olan bütün kubokları qazanmaq istəyirik. İstəyimiz budur, amma bunun asan olmayacağını da bilirik. “Renn” də sabah qələbə qazanmaq istəyəcək. Qalib gəlmək üçün böyük şansımız var, amma bunu bacarmalıyıq. Kimsə sadəcə danışmaqla nəsə qazana bilməz. Hansısa komandanın favorit olduğuna inanmıram. Komandamdan bacardığının ən yaxşısını etməsini istəyirəm. Bu, mənim üçün əsasdır.
Neymarın vəziyyəti yaxşıdır. Onu məşqdə görsəz, çox xoşbəxt olduğuna və yaxşı oynadığına şahid ola bilərsiz. Bu da normaldır, çünki o, futbolu sevir. Təəssüf ki, o bu qarşılaşmada cəza səbəbiylə meydanda olmayacaq. Amma onu yenidən meydanda görmək çox xoş olardı”.
Bizi Facebook-da izləyin