
“Komandalarımız qarşılaşdıqdan sonra görəcəyik kimin güclü, kimin zəif olduğunu” – MÜSAHİBƏ
“Karvan-Yevlax” dünən Azərbaycan Premyer Liqasının 2-ci turunda “Kəpəz”lə qarşılaşıb. Oyun yevlaxlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra “Karvan-Yevlax”ın almaniyalı hücumçusu Coy Sleyd Mikels Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
– Öncə oyun haqda fikirlərini bölüşərdin…
– Oyunun startında buradakı atmosfer bizə bir qədər çətinlik yaratdı. İlk dəqiqlər bizim üçün çətin keçdi.
– Hansı atmosfer?
– Hava ilə bağlı. Qəbələ yüksəklikdə yerləşir. Bununla bağlı bizim bir qədər çətinliklərimiz oldu. Amma getdikcə bunun öhdəsindən gəldik və hesabda irəli çıxdıq. Bundan sonra işimiz bir qədər asanlaşdı və bu, oyunun gedişinə də öz təsirini göstərdi. Getdikcə də oyunu ələ almağı bacardıq.
– Premyer Liqada ilk qolunu vurdun. Təəssüratlarını bölüşərdin…
– Əlbəttə, ikinci oyunda qol vurmaq mənim üçün sevindirici haldır. Bu, mənim komandamda vurduğum ilk qoldur. Komandamla qürur duyuram və bu uğurları gələcəkdə də davam etdirəcəyik.
– Ötən tur süni örtükdə (Şamaxı), bu gün (dünən) isə təbii örtükdə çıxış etdiz. Bununla bağlı fikirlərin necədir?
– Düzdür, bu bizim üçün bir qədər çətindir. Amma iki oyun öz sxeminə, quruluşuna görə fərqlidir. Çünki təbii örtükdə bir cür oynayırsan, sünidə başqa… Yəni, bu, bütün komanda heyəti üçün eyni vəziyyətdir. Bir qədər çətin olur, bir qədər asan keçir, oyundan oyuna dəyişir, eyni qalmır.
– “Kəpəz” sizə üç xal qazanmaq üçün münasib rəqib kimi baxırdı və gözlədiklərinin əksi oldu. Necə düşünürsən, qələbəniz onlar üçün sürpriz sayıla bilər?
– Mən elə fikirləşmirəm ki, “Kəpəz” bizdən asanlıqla xallar ala bilsin. Çünki bizim keyfiyyətli komandamız var. Oyundan oyuna ümid edirəm ki, bu keyfiyyətimiz daha da yaxşılaşacaq və biz daha yaxşı oyunlar oynamağa çalışacağıq.
– Azərbaycana, Premyer Liqaya, Yevlaxa uyğunlaşa bilmisən?
– Təcrübəmə əsaslanaraq deyirəm ki, uyğunlaşma və nəticələr getdikcə daha da yaxşılaşacaq.
– Səndən başqa, Premyer Liqada iki qardaşın da çıxış edir və növbəti turlarda onlara rəqib olacaqsan…
– Əlbəttə, biz növbəti oyunları gözləyirik. Onlarla bu barədə danışmışam, müzakirələr edirik. Kimin güclü, kimin zəif olduğu barədə söhbətlər edirik. Bundan əlavə, biz qardaşıq. Komandalarımız qarşılaşdıqdan sonra görəcəyik kimin güclü, kimin zəif olduğunu.
– Hər üçünüz (Mikels qardaşları) 20 nömrəli forma altında çıxış edirsiz. Bunun hansısa bir xüsusi səbəbi var?
– Mənim ilk peşəkar təcrübəm bu nömrə ilə başlayıb. Mən bunu seçdikdən sonra qardaşlarım da bu nömrəni götürüb. Yəni, belə olub.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin


