“Komandada qeyri-sabitlik var”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna fərqli hazırlaşmışdıq. Futbolçular əllərindən gələni elədilər, amma istədiyimiz heç cür alınmadı. Matçın startı bəlkə biz istədiyimiz kimi olmadı.
Bizim bir problemimiz var ki, qol vura bilmirik. Futbolçulara xəbərdarlıq da etmişdik ki, şanslarımız olacaq, yararlanmaq lazımdır. Hər iki hissədə qol şanslarımız olsa da, istifadə edə bilmədik.
“Zirə” səfərində oynamaq çətindir. Bu üzdən real qol epizodlarından istifadə etməliydik. Bilirdik ki, əks halda psixoliji gərginlik olacaq. Neqativ məqamı fikirləşmişdik, o da başımıza gəldi. Məğlubiyyətlər komandaya pis təsir edir, inamsızlıq yaradır.
Bəzən həddindən artıq qələbə qazanmaq istəyi mənfi təsir edir. Bunlar açıq futbola, səhvlərə gətirib çıxarır. Bunu orta səviyyəyə gətirib çıxarmalıyıq. Komandada qeyri-sabitlik var. Dünən gecədən İlkin Qırtımovun hərarəti oldu. Səhər də vəziyyəti yaxşı deyildi, özünü yaxşı hiss etmirdi. Koronavirus testi verdi, cavabı neqativ çıxdı. Adi soyuqdəymədir. Miyuşko Boyoviç və Rəhman Hacıyev də zədəlidir, fərdi məşq edirlər. Rəhmanın qısa müddət sonra sıraya qayıtması gözlənilir”.
Bizi Facebook-da izləyin