“Komandada psixoloji gərginlik yüksək səviyyədədir” – Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Danışmaq çətindir. Axırıncı yerdə olan komanda ilə birinci yerdə olan komanda oynayırdı. Fərq görünürdü. Cinah hücumlarının qarşısını almağa çalışırdıq. Topa nəzarət etməkdə problemlər yaşadıq. Futbolçuların qorxu altında oynaması məni narahat etdi. Futbolda üç nəticə olur. Oynamayıb qələbə qazanmaq, tam başqa bir şeydir. Dörd qol epizodumuz oldu. Onlardan birini düzgün yerinə yetirsəydik, fərqli cür ola bilərdi. Ancaq ruhdan düşmürük. İkinci hissədə oynadığımız kimi növbəti matçlarda oynasaq, layiqli pillədə ola bilərik. “Qarabağ”ı təbrik edirəm. Layiqli qələbə qazandılar.
Komandada psixoloji gərginlik yüksək səviyyədədir. Hər dəfə məğlub olduqca toparlanmaq çətindir. Qrup və fərdi halda söhbətlərimiz olur. Zədədən əziyyət çəkən futbolçularımız qayıtsa, daha yaxşı olacağıq. Asan qollar buraxırıq. Məni narahat edən budur. Hazırkı durumdan tezliklə çıxacağıq.
Birinci hissədə qapıya zərbələr endirdik, lakin rəqibin qapıçısı onları çıxartdı. Qapıya zərbə endirmək hücumu tamamlamaq deməkdir. Fakt budur ki, biz uduzduq. Elə ola bilər ki, qapıya 21 zərbə endirəsən, lakin heç biri dəqiq olmaya. “Qarabağ”ın qollarını gördünüz? Onlar əsl keyfiyyət nümayiş etdirdilər.
Həyatda öz prinsiplərim var və mən onlara söykənirəm. Bütün işlər çətinliklə olursa, deməli, sən düzgün yoldasan. Mənə elə gəlir ki, Emil Balayev keyfiyyət və təcrübə baxımından millidə çıxış edə bilər.
Mən tam başqa yolu seçmişəm. Gəminin kapitanı mənəm. O cəhətdən özümə və komandama inanıram. Çox əziyyət çəkirəm. Bunu oyunçuların yanında hiss etdirməməyə çalışıram”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin