“Komanda hələ istədiyim səviyyədə deyil” – Tərlan Əhmədov
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləari matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu qələbəni şəhidlərimizə və sentyabrın 20-də anım günü olan Adil Məmmədova həsr edirik. Bu qələbə bizə hava-su kimi lazım idi. Komanda 6 turda məğlub olmuşdu və bu, psixoloji cəhətdən böyük problem idi. Hesabda geriyə düşsək də, intizamı saxladıq. Futbolçularıma təşəkkür düşür. Geridönüş etdilər. Bu qələbə əlavə motivasiya verəcək. Komanda hələ istədiyim səviyyədə deyil. Çatışmazlıqlar və fiziki problemlər var. Bunları aradan götürdükdən sonra daha yaxşı, əzəmətli “Kəpəz” görəcəksiniz”.
Onun sözlərinə görə, həyatda təsadüf yoxdur, hər şey zərurətdən irəli gəlir: “Kamran İbrahimov ciddi zədə alıb. Orxan Sadıqlının Premyer Liqa təcrübəsi var. Onun keyfiyyətinə bələdəm. Qələbədə əməyi olan hər kəsə təşəkkür edirəm. Hər dəstək, uğur futbolçu üçün önəmlidir”.
Bizi Facebook-da izləyin