“Komanda hesabında Avropa çempionu ola bilərdik”
İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında çıxışını başa vuran yunan-Roma güləşi üzrə gənclərdən ibarət millimiz vətənə qayıdıb.
Komanda.az xəbər verir ki, iki qızıl, bir gümüş və iki bürünc medalla 102 xal toplayan və xallara görə öz rekordunu yeniləyən yığma komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.
Nurəddin Rəcəbov, böyük məşqçi: “Komandanın çıxışı pis alınmadı. Fürsətdən istifadə edib federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu, həmin diqqət və qayğının nəticəsidir. Son illərdə ən yaxşı nəticəmizə imza atdıq. İldən-ilə medalların sayı artır, əyarı yüksəlir. Bu da göstərir ki, perspektivli gənclərimiz yetişir. Avqustda dünya çempionatı keçiriləcək. Bu yarış üçün bəzi çəkilərdə dəyişiklik etməyi planlaşdırırıq. Çünki bəzi güləşçilərin çıxışı bizi qane etmədi. Komanda hesabında Avropa çempionu ola bilərdik. İnanıram ki, dünya çempionatında həm medalların sayına, həm də əyarına daha yaxşı nəticə göstərəcəyik. Bir həftəlik istirahətdən sonra təlim-məşq toplanışına başlayacağıq”.
Nihad Quluzadə (55 kq), Avropa çempionu: “Məşqçilərin əziyyəti yerdə qalmadı. Hər birinə təşəkkür edirəm. Federasiya rəhbərliyinə də minnətdaram. Təlim-məşq toplanışları yüksək səviyyədə təşkil olunmuşdu. Bu qələbə bizim üçün böyük motivasiyadır. Avropa çempionatında ilk görüşdə Fransa güləşçisinə 9:0 hesabıyla qalib gəldim. Ukrayna idmançısıyla qarşılaşma çətin keçdi. Ancaq yenə də qalib gələ bildim. Daha sonra alman rəqibimi məğlub edib finala yüksəldim. Finalda isə Rumıniya güləşçisinə tam üstünlüklə qalib gəlib Avropa çempionu oldum”.
Laçın Vəliyev (87 kq), Avropa çempionu: “Yarışa çox yaxşı hazırlaşmışdıq. Şükür Allaha, 5 medal qazandıq. Ukrayna və İsveç idmançılarına qalib gəlib yarımfinala yüksəldim. Yarımfinalda Ermənistan güləşçisini 3:1 hesabıyla məğlub etdim. Finalda eyni hesabla rumıniyalı rəqibimə qalib gələrək Avropa çempionu oldum. Çalışacağam ki, dünya çempionatında da himnimizi səsləndirim”.
Xatırladaq ki, qitə birinciliyində Nihad Quluzadəylə (55 kq) Laçın Vəliyev (87 kq) qızıl, Qurban Qurbanov (72 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.
Bizi Facebook-da izləyin