“Qərarlar yeniliklər və təcrübə balansını saxlamaqla birlikdə veriləcək” – Fərid Qayıbov
“Bir ay əvvəl gənclər və idman naziri təyin olundum. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mənə göstərdiyi yüksək etimaddır. Təyinatım zamanı Prezidentin verdiyi tapşırıq və tövsiyyələrin həyata keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur”.
Komanda.az xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov təyinatının bir ayı ilə bağlı danışarkən söyləyib.
Nazir, təyinatın hər iki sahədə yeni mərhələnin başlanğıcına təsadüf etdiyini bildirib:
“Təyinat hər iki sahədə yeni mərhələnin başlanqıcına təsadüf etdi. İdmanda demək olar ki, həmişə Olimpiya oyunlarının nəticələri yeni mərhələnin başlanmasını əlaqələndirir. Bu qlobal yarışlar obyektiv olaraq təkcə yüksək nəticəli idman növlərində deyil, həm də kütləvi idmanda mövcud olan qüsur, səhv və çatışmazlıqları üzə çıxarır. Təbii ki, Olimpiada güclü tərəflərimizi də göstərir. İdman bu gün böyük bir sənaye və təhsil, strategiya və kadr, təşkilatı-hüquqi və maliyyə-təsərrüfat məsələləridir. Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər.
Gənclər siyasətinin yeni mərhələsi qloballaşma və Qarabağın təxminən 30 illik işğaldan azad olunması ilə müəyyən edilir. Bölgədə baş vermiş geosiyasi dəyişikliklər bu andan etibarən və tarix boyunca gənclərin tərbiyəsi, mənəviyatı, uğuru, mübarizliyi, milli qüruru və vətənpərvərliyi üçün əsas olacaq.
Yeni mərhələ yalnız prioritetlər deyil, həm də iş prosesinin özünün yenidən qurulması ilə bağlıdır. Gənclərin və idmançıların maraqları naminə çalışmaq – insan kapitalını artıran sistemli iş qurmaq deməkdir. Hər bir sahədə olduğu kimi, gənclər və idman siyasətlərində də islahatlara ehtiyac duyulur. Vəziyyəti səciyyələndirən göstəricilərin sistemli şəkildə toplanmasına, ekspert və müqayisəli təhlillərə diqqət göstəriləcəkdir.
İndi çox sayda görüşlər keçiririk ki, onlar təkcə mütərəqqi deyil, həm də obyektiv qərarlar qəbul etməyə kömək edəcək.
Ay ərzində bir sıra idman federasiyalarında qonaq olduq, ən kütləvi gənclər ictimai təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri ilə görüşdük. Xaricə iş səfərlərim zamanı ölkənin bir qrup gənc sahibkarları ilə tanış oldum. Türk Şurası çərçivəsində “Coxtərəfli Gənclər Mübadiləsi Proqramı” adlı yeni təşəbbüsə başladıq. İstanbulda keçirilmiş Texnofest-də iştirak gənclərimizin innovativ elmi və texniki yaradıcılığını dəstəkləmək üçün əhəmiyyətli idi.
Görüşlərimiz həm vəziyyəti öyrənmək, həm də kadr potensialını və ehtiyatları qiymətləndirmək məqsədi daşıyır. Artıq söyləmişəm və təkrar etmək istəyirəm ki, qərarlar yeniliklər və təcrübə balansını saxlamaqla birlikdə veriləcək.
Bundan əlavə, Avropa Gimnastikası Prezidenti kimi vəzifələrimi yerinə yetirməyə davam edirəm. Hər iki vəzifə görüləcək işlər haqqında anlayışımı artırır, alətlərlə zənginləşdirir və səmərəliliyi yüksəldir. Əminəm ki, rasional yanaşma səmərəli idarəetmə və davamlı nəticələr üçün yaxşı zəmin olacaq.
Siyasi, sosial-iqtisadi sahədə son zamanlar əldə edilən nailiyətlər fonunda gənclərin şüurunda əhəmiyyətli dəyişikliklər baş verir. Kütləvi bədən tərbiyəsi və idmanda da müasir yanaşma tətbiq edilməlidir. Çətinlikləri bilirik, problemləri, səbəblərini, əlaqələrini və təsirlərini təyin edirik. Veriləcək qərarlar və əməli hərəkətlər məntiqli, sağlam, başa düşülən, dəstəklənən və məsuliyyətli olacaq”.
Bizi Facebook-da izləyin