“Dedim ki, Kazbek müəllim, gör üstündən nə qədər keçib, ancaq sən bunu unutmamısan” – Müsahibə
“Unuda bilmədiyimiz oyun”
Komanda.az saytında “Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.
Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq. Növbəti qonağımız AÇ-1996-nın seçmə mərhələsində, 1995-ci ildə Polşa ilə qolsuz bərabərə qalaraq, rəsmi oyunlarda ilk xalını qazanan Azərbaycan millisinin keçmiş üzvü Yaşar Vahabzadədir:
- Yaşar bəy, Azərbaycan yığmasının Polşa ilə 1995-ci ildə qolsuz bərabərə qaldığı, hansı ki, tarixə milli adına Avropa çempionatlarında qazandığımız ilk xal kimi düşən matçın iştirakçısı olmusuz. Oyunla bağlı hansı xatirələriniz var?
- Gör nə qədər keçib oyundan?.. Trabzonda oynayırdıq, deyəsən, “Avni Aker” stadionunda. Yəni sevindirici hal idi ki, ilk xalımızı qazandıq. Bəlkə, o dövrlərdə komanda oyunlarını Bakıda oynasaydı, daha yaxşı çıxış edə bilərdi. Xoş xatirələr var idi, amma, vallah yadıma çox şey gəlmir, uzun müddət keçib üzərindən.
- Oyundan əvvəl komandada vəziyyət necə idi?
- Vəziyyət yaxşı idi, ümumiyyətlə, həmin vaxtda yığmaya gələn oyunçularla mehriban idik, hamı bir-birini yaxşı tanıyırdı. Çoxumuz SSRİ-dən qalma futbolçular idik, ab-hava hər zaman yaxşı olurdu. Legionerlərimiz də var idi, gəlirdilər və danışırdıq, gülürdük, dərdləşirdik.
- Matçdan qabaq rəqibdən çəkinmirdiz ki? Yoxsa Polşadan xal ala biləcəyinizi düşünürdüz?
- Biz hər zaman oyuna çıxanda nəsə etmək istəyirdik – ya bir xal qazanmaq, ya da qalib gəlmək. O oyunda da vəziyyət bu cür idi. Bütün oyunlarda fikrimiz xal qazanmaq idi.
- Polşa ilə oyundan yadınızda xüsusi qalan nəsə var?
- Çox vaxt keçib, Şahin, xatırlamaqda çətinlik çəkirəm… Hə, bir şey yadıma düşdü. O vaxt baş məşqçimiz Kazbek Tuayev idi. Bu yaxınlarda Vəli Qasımovun yubileyində Kazbekin yadına düşdü ki, həmin oyunda Vəliylə mən bir müdafiəçiyə qarşı qalmışdıq. Amma Vəli o epizodda özü qol vurmaq istəmişdi. Onu yadımıza saldı ki, bəlkə də, mənə ötürmə etsəydi, qol vuracaqdım. Özü də bu epizod ikinci hissənin sonlarına yaxın olmuşdu. Orda Vəli özü vurmaq istəmişdi, amma “çərçivə”yə düşə bilməmişdi. Belə bir epizod olmuşdu, özü də yaxşı imkan idi. Bu, Tuayevin yadına düşmüşdü. Dedi ki, yadına düşürmü o epizod? Mən də dedim ki, Kazbek müəllim, gör üstündən nə qədər keçib, ancaq sən bunu unutmamısan (gülür). Deyirdi ki, o, elə epizod idi ki, heç vaxt yaddan çıxmaz.
- Bəlkə də, Vəli Qasımov ötürməni etsəydi, siz də yığmanın tarixinə düşəcəkdiz…
- Hə, qələbə qazana bilərdik, elə bir epizodumuz olmuşdu. Sonra mənim də yadıma düşdü ki, orda Vəlidən “pas” istəyirdim. Mənə ötürmə etməyib, rəqib müdafiəçini keçmək istəyirdi. Hə, bax, bu epizodu xatırladım mən də.
- Bir xal qazandığınız oyundan sonra mükafatlandırılmamış olmazdız.
- Hə, mükafat verdilər.
- Oyundan qabaq qələbəyə və ya bir xala görə mükafatlandırılacağınızı bilirdiz?
- Yox, biz milliyə gələndə heç vaxt bu haqda düşünmürdük. Heç bir futbolçu rəhbərliyin qarşısına tələb qoymurdu ki, oyunu udaq, siz də bizə mükafat verin. Yəni mən oynadığım vaxtlarda belə bir şey olmayıb. Heç kim heç vaxt belə məsələləri qabartmayıb. Rəhmətlik Fuad Musayev (AFFA-nın keçmiş prezidenti) oyundan sonra yanımıza gəldi və mükafatlandırılacağımızı dedilər.
- Matçdan sonrakı hissləriniz necə idi?
- Əvvəl rəqib komandanın futbolçuları ilə forma dəyişmək məsələsi yox idi. Amma Polşa ilə oyundan sonra dedilər ki, kim istəsə, dəyişə bilər. Çox sevincli idik. Milli adına ilk xalı qazanmışdıq, o oyunu uda da bilərdik.
- Polşa ilə növbəti matçda komandamız 0:1 hesabıyla uduzdu. Siz həmin oyunda nə üçün yox idiz?
- Həmin oyuna dəvət almamışdım deyə, yox idim.
- Yığmanın bu tarixə düşən oyunundan 10 il sonra milli komanda daha bir “tarix” yazmışdı. Polşaya 0:8 hesablı acı məğlubiyyət…
- Hə, necənci il idi o? 2000-nin əvvəlləri idi deyəsən, 2004, ya da 2005-ci il idi?
- 2005-ci il idi. Necə düşünürsüz, nə dəyişdi ki, komanda 10 il sonra bu məğlubiyyəti yaşadı?
- Biz başqa dövrün futbolçuları idik, bizdən sonra da başqa nəsil gəldi. Nə deyim, keçmişdə qalıb, futboldur bu, belə şeylər çox olur.
- Sizin dövrdə şərait daha pis idi, oyunlar Türkiyədə keçirilirdi. Buna baxmayaraq, Polşadan xal ala bilmişdiz.
- Hə, o vaxt komanda pis komanda deyildi, futbolçularımız da təcrübəli idi. Bəlkə, biz Bakıda oynasaydıq, nəticələrimiz fərqli olardı. Trabzonda İsraillə oynayanda kifayət qədər epizodumuz olmuşdu, amma nəticədə məğlub olduq. O vaxt azarkeş sayı da az idi. Öz meydanımızda olsaydıq, stadion da dolardı. Azarkeşlər 12-ci oyunçudur da, onlar hər zaman komandada ruh yüksəkliyi yaradırdılar. O vaxt başqa cür idi də şərait.
- Keçmiş komanda yoldaşlarınızla görüşəndə yığmadakı xatirələrinizdən danışırsız?
- Əlbəttə, görüşəndə danışırıq, keçmişi yada salırıq. Açığı, mənim çox şey yadımda qalmayıb, bəlkə o birilərdə nəsə qalar. Xoş xatirələrimiz var idi, görüşəndə də çalışırıq ki, yada salaq.
- Həmin dövrdəki heyətlə indiki heyəti müqayisə etsəz, hansı güclüdür sizcə?
- Desəm ki, indi o dövrün futbolçuları olsaydı, nəticə daha yaxşı olardı, indikilər sözümdən qıcıqlanar. Bax, o dövrdəki futbolçular bu şəraitlə hazırlaşsaydılar, məncə, daha yaxşı nəticələr olardı. Amma bunu da etmək mümkün deyil də. Həmin komanda var idi ha, indi adlarını desəm və kimisə unutsam, deyəcək ki, Yaşar məni unutdu. Həmin uşaqlar olsaydı, bu şəraitlə məncə, uğur qazana bilərdik.
- İndiki futbolçulardakı problemlər nədir ki?
- Bizim futbolçularımız – Vəli, Şahin, Nazim, Emin, Jidkov legioner həyatı yaşayırdı və onlar oynayırdılar. Ehtiyat oyunçular skamyasında olmurdular ha, əsas heyətdə çıxış edirdilər. Özü də, komandalarının aparıcı üzvlərindən idilər. Onlar bizim komandaya çox şey verirdi. İndikilər haqda nəsə deyə bilmərəm, çünki futbol dəyişib. O dövrlə indini müqayisə etmək bir az çətin olardı.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin