“Qarabağ”ı gözləyən 35 milyonluq “legionerlər” – Yazı+Fotolar
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə “Molde”yə penaltilər seriyasında məğlub olan “Qarabağ” klubu mübarizəsinə Avropa Liqasında davam edəcək. “Köhlən atlar” Avroliqanın pley-off mərhələsində oktyabrın 1-də Polşanın “Legiya” klubu ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqasında ardıcıl üç oyundur ki, qələbə qazana bilməyən “Qarabağ”ın Varşava təmsilçisi ilə çətin sınaqdan necə çıxacağı məlum deyil. Buna səbəb, komandanın hücum xəttindəki itkilər, psixoloji enişdir. Bəs Polşanın köklü klublarından hesab olan “Legiya”nın durumu necədir?
Əsası birinci dünya müharibəsi dövründə – 1916-cı ilin martında qoyulan “Legiya”, o zamanlar sadəcə bir ordu komandası idi. Müharibə bitdikdən sonra klub bir müddət fəaliyyətini dayandırıb və daha sonra 1920-ci ildə yenidən bərpa olunub.
“Legiya” ilk rəsmi oyununa 1922-ci ildə çıxıb. Çexiyanın “Viktoria Zizkov” klubu ilə qarşılaşan “hərbçilər” 2:9 hesablı məğlubiyyətlə üzləşib. Paytaxt Varşavanı təmsil edən “Legiya” 14 dəfə Polşanın yüksək liqası sayılan Ekstraklasanın qalibi olub. Komanda 19 dəfə Polşa kubokunu, 4 dəfə də superkuboku qazanıb.
“Legiya”nın avrokuboklardakı ən uğurlu ili 1969/70 mövsümünə təsadüf edir. “Hərbçilər” həmin ildə Avropa kubokunda yarımfinal mərhələsinə qədər yüksəlmiş, burda isə Niderland “Feyenoord”una məğlub olaraq, mübarizəni dayandırmışdı. “Legiya” UEFA reytinqində 91-ci sıradadır. Xatırladaq ki, “Qarabağ” bu siyahıda 72-ci pillədə qərarlaşıb. Polşa klubu Çempionlar Liqasında 1, Avropa Liqasında isə 4 dəfə qrup mərhələsində mübarizə aparıb.
Varşava təmsilçisini hazırda Çeslav Mixneviç çalışdırır. O, bir neçə gün əvvəl baş məşqçi postuna təyin olunub. Mixneviç, buna qədər “Lex”, “Poqon”, “Yaqelloniya”, “Arka” kimi klublarda çalışıb. 50 yaşlı mütəxəssisin son iş yeri Polşanın U-21 yığması olub.
Polşa klubunun heyətinin dəyəri “Qarabağ”dan hardasa üç dəfə çox – 35,25 milyon avrodur. Azərbaycan təmsilçisinin heyətinin dəyəri isə 11,78 milyon avro göstərilir. “Legiya”nın ən dəyərli futbolçu Mixal Karbovnikdir. Müdafiəçi mövqeyində çıxış edən 19 yaşlı oyunçunun “transfermarkt”da dəyəri 6 milyon avrodur. Klubun yetirməsi olan Karbovnik, bu mövsüm 7 qarşılaşmada iştirak edib. Polşa yığmasına dəvət alan futbolçu gələcəyin ulduzlarından hesab olunur.
“Legiya”nın “Qarabağ”la oyun üçün UEFA-ya sifariş etdiyi iştirak ərizəsində 12 legioner futbolçu var. Komandanın hazırkı əsas qapıçısı bir zamanlar “Seltik”, “Fiorentina”, “Bornmut”, “Sauthempton” kimi klublarda çıxış edən Artur Boruçdur. 40 yaşlı futbolçu ötən ay komandaya cəlb edilib.
“Legiya”nın builki bombardiri Tomaş Pexartdır. 31 yaşlı hücumçu bu mövsüm iştirak etdiyi 8 oyunda 5 qol vurmağı bacarıb. Çexiya millisində də 19 oyun keçirən Tomaş, bu ilin fevralında “Las Palmas”dan “Legiya”ya keçib. Forvard “Tottenhem” klubunun yetirməsidir və daha əvvəl İngiltərədə “Bornmut”, “Sauthempton” kimi klubların şərəfini qoruyub.
“Legiya”nın yarımmüdafiəçisi Dominik Naqi “Qarabağ”ın bir neçə futbolçusu üçün tanış simadır. Belə ki, o, Macarıstan yığmasının heyətində Azərbaycan millisi ilə AÇ-2020-nin seçmə mərhələsinin oyununda iştirak edib. Bundan başqa, komandanın heyətində Xorvatiya, Polşa, Gürcüstan millilərinin üzvləri də yer alır. “Legiya”da Damaqoy Antoliç, Andre Martins, Bartoş Kapustka, Xose Kante kimi təcrübəli futbolçular da var.
“Legiya” ev oyunlarını 31800 nəfərlik “Polşa Ordu Stadionu”nda keçirir. Komandanın ləqəbləri “militaristlər” və “legionerlər”dir.
“Legiya” bu mövsüm Ekstraklasada 4 oyun keçirib və 6 xalla 7-ci sırada qərarlaşıb. İki qələbə qazanan və eyni sayda da məğlubiyyətlə üzləşən “legionerlər” 5 qol vurub, 6-sını da buraxıb. “Legiya” ümumilikdə 8 rəsmi oyun keçirib ki, bunların da 3-də məğlub olub. Komandanın oyunlarının statistikasına nəzər salsaq, “Legiya”nın da “Qarabağ” kimi topla daha çox oynamağı sevən komanda olduğunu görərik. “Hərbçilər”in topa sahib olma faizi ortalama 54-dir. Komanda daha çox cinahlardan təşkil olunan hücumlara üstünlük verir. Maraqlıdır ki, “Legia”nın son 5 qolunun hamısı cinahlardan təşkil olunan hücumların nəticəsində qeydə alınıb.
Varşava təmsilçisi bu mövsüm Çempionlar Liqasının ilk təsnifat mərhələsində Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbəylə növbəti mərhələyə yüksəlməyi bacarıb. 2-ci təsnifat mərhələsində Kipr “Omoniya”sına rəqib olan “Legiya”, bu mübarizədən məğlub ayrılıb. “Militaristlər” əsas vaxtı 0:0 bitən oyunun əlavə vaxtında rəqibindən 2 qol buraxaraq turnirlə vidalaşıb və yoluna Avropa Liqasında davam edib. Avroliqanın 3-cü təsnifat mərhələsində isə “Drita” (Kosovo) üzərində inamlı qələbə qazanan (2:0) “Legiya” pley-off mərhələsinə yüksələrək, “Qarabağ”a rəqib olub.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin