
“Turan Tovuz” rəsmisi: “Növbəti ev oyununa kimi meydançanı tam hazır etməliyik”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı”nı (2:1) qəbul etdi.
Tovuzlular cari mövsümdə ilk dəfə idi ki, rəqibini doğma azarkeşləri qarşısında qəbul edirdi. Buna səbəb süni örtüklü meydançanın təbii örtüklə əvəzlənməsi idi. Stadiona daxil olduqda, müşahidələrimizə görə, təbii örtüklü meydançanın durumu göz oxşayırdı. Belə demək mümkünsə, bir növ xalçaya bənzəyirdi. Amma bu durum uzun müddət davam etmədi. Oyunun start fitinin səslənməsindən 15 dəqiqə keçmədi ki, meydançanın ot örtüyü bərbad hala düşdü.
Meydançanın son durumu və “Turan Tovuz”un növbəti ev oyununu doğma meydanda keçirib-keçirməyəcəyi ilə bağlı bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az-a açıqlaması belə oldu:
“Yenidənqurma işlərindən sonra ilk oyunda belə bir vəziyyətin yaranması normaldır. Oyun bitən kimi mütəxəssislər də bədbin nəsə demədilər və dərhal bərpa işinə başlanıldı. Mütəxəssislər növbəti oyuna kimi var qüvvələri ilə çalışacaqlar ki, meydançanı hazır vəziyyətə gətirsinlər.
Növbəti ev oyunumuz onsuz da noyabrın sonlarındadır. Böyük ümid var ki, ona kimi çatdırılsın, tam hazır olsun. Dediyim kimi, ilk oyunda belə olması normaldır. Əsas burda ən önəmli faktor hava şəraitidir. Yəni, hava şəraiti də uyğun olarsa, növbəti ev oyununa kimi meydançanı tam hazır etməliyik”.
“Turan Tovuz” növbəti ev oyununda, noyabrın son həftəsində “Neftçi” ilə qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



