
Kloze Mahir haqda: “Qərar çoxdan verilib”
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubdan ayrılmasına münasibət bildirib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis ötən gün 2-ci Bundesliqanın 34-cü turunda Ayntraxt”a (Braunşveyq) qalib gəldikləri (4:1) matçda het-trik edən 27 yaşlı forvardın klubda qalmaq ehtimalının olmadığını deyib:
“Biz bundan geri dönməyəcəyik, qərar çoxdan verilib. Mahirin böyük klublarda oynadığını, yüksək liqalarda hansı pulları qazandığını bilirik. Buna baxmayaraq, o, mənimlə işləməkdən çox xoşbəxt olacağı üçün yanıma gəlmək istədiyini söylədi. Amma nə qədər çalışsa da, zəhmət çəksə də, səmimi olmalıyıq, yəqin ki, onu saxlamaq şansımız yox idi. Ancaq bu, bizim aramızda olan münasibəti pozmur”.
“Bild” nəşri Mahirin də sözlərinə yer verib:
“Təkcə mən yox, ailəm, anam və hamımız şəhəri, stadionu, atmosferi və azarkeşləri çox sevirdik. Hamımız Nürnberq üçün darıxacağıq”.
Mövsümün əvvəlində 2-ci Bundesliqa təmsilçisinə keçən Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.
Bizi Facebook-da izləyin