Kiril Petrov: “İsraildə onlara futbolun nə olduğunu göstərməliyik”

“Neftçi”nin müdafiəçisi Kiril Petrov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, ukraynalı futbolçu 2:2 hesabıyla başa çatan oyundan sonra jurnalistlərə müsahibəsində öncə bunları söyləyib:

  • Bu, futboldu. Futbolda hər şey ola bilər. Əvvəldən hesab təxmin etmək düzgün deyil. Sevinirik ki, ikinci qolu vura bildik və oyuna qayıtdıq. Bilirdik ki, rəqib əks-hücumlarda oynayır, amma yenə də səhvlər etdik. Artıq onlara qarşı necə oynamaq lazım olduğunu bilirik.
  • Bu oyunda komandada nə baş vermişdi? Ola bilər ki, “Arsenal”la oyundan sonra hansısa eyforiya yaranmışdı?
  • Heç bir eyforiya yox idi. “Speranta”ya, “Arsenal”a qarşı necə hazırlaşırdıqsa, o cür də “Bney Yehuda”ya qarşı hazırlaşmışdıq. Rəqibin oyunlarına baxmışdıq və necə oynayacaqlarını təxmini bilirdik.
  • Oyun daha 5 dəqiqə davam etsəydi, “Neftçi” qalib gələ bilərdi?
  • Daha 5 dəqiqə artırılsaydı və hakimi əvəzləsəydilər, bəli, bəlkə də, biz qalib gələ bilərdik.
  • Hakim sanki “Neftçi”yə qarşı aqressiv idi. Bunun səbəbini nədə görürsən? Nəzərə alaq ki, rəqib də vaxtı çox aparırdı…
  • Bizə qarşı hansısa aqressiyanın olduğunu deməzdim. Sadəcə, hakim oyunu lazımi səviyyədə idarə edə bilmirdi. Özü FİFA referesidi, amma oyunu heç də FİFA səviyyəsində idarə edə bilmədi. Azərbaycanlı hakimlərdən şikayətləniriksə, onda bunun haqqında nə deyə bilərik ki?
  • 2:2 hesabı növbəti mərhələ üçün “Neftçi”yə hansı ümidi verir? Komanda səfər oyununda hansı nəticəni göstərə bilər?
  • Növbəti oyunda rəqibi cəzalandırmalıyıq. İsraildə onlara “Neftçi”nin necə komanda olduğunu, futbolun nə olduğunu və bu oyunun meydanda uzanmaqdan ibarət olmadığını göstərməliyik.
  • Rəqibin vaxt aparması və bu tip digər hərəkətlərə yol verməsi, sanki “Neftçi”nin lehinə oldu. Sanki komandaya motivasiya gəldi…
  • Məncə, hakim rəqibə belə oyun oynaması üçün icazə verdi. Təbii ki, bu cür hərəkətlər bizi motivasiya etdi. Burda ikinci hissədə necə oynadıqsa, elə də İsraildə oynayacağıq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button