
Kinin üzümüzə vurduğu – “Qarabağ” həqiqətləri
Kürşad
“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin “Qarabağ”ın əcnəbi futbolçularla, öz komandasının isə daha çox yerli oyunçularla mübarizə apardıgını hirsindən deyirdi. Çempionlar Liqasının liqa mərhələsinə Azərbaycan klubu yox, macarlar çıxsaydı, Kinin heç yadına da düşməyəcəkdi, hesab-kitab tutsun ki, hansı komandanın heyətində neçə əcnəbi, neçə yerli oynayır.
Amma…
Kinin qulağından uzaq;
“Qarabağ” Azərbaycandır, lakin Azərbaycan futbolu deyil.
“Qarabağ” Azərbaycan çempionatında oynayır, ancaq Azərbaycan çempionatının “parametrlər”ini aşır.
Robbi Kinin açıqlamasına rəğmən, “Qarabağ” Azərbaycan millisinə ən çox futbolçu göndərən klublardan biridir, o Azərbaycan yığmasının ki, dəsmal götür, halına, gününə ağla.
“Qarabağ” Şamaxıda, Bakıda keyfiyyətsiz süni örtüklü meydançalarda oyuna çıxır, amma səsi Çempionlar Liqasından gəlir.
“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı oyunlarında stadiondakı oturacaqlar bekarçılıqdan “əsnəyir”, lakin avrokuboklarda tribunalarda boş yer tapmaq müşkülə çevrilir.
Nəriman axundzadələrin, elvin cəfərquliyevlərin, bəhlul mustafazadələrin Zubirin, Kadinin, Medinanın, Yankoviçin, Andradenin yanında futbolçu eyibləri, qüsurları o qədər də gözə batmır, ancaq elə ki, milliyə getdilər, eyibli, qüsurlu komandaya çevrilirlər.
“Qarabağ” Zubirdir, Kadidir, Andradedir, Yankoviçdir, Medinadır, Koxalskidir.
“Qarabağ” Qurban Qurbanovdur.
“Qarabağ” Azərbaycandır.
“Qarabağ” Qarabağdır.
“Qarabağ” azərbaycanlılarındır.
Amma…
Robbi Kin haqlıdır – “Qarabağ” Azərbaycan futbolu deyil.
Bizi Facebook-da izləyin



