“Komanda tam oturuşandan sonra daha güclü “Kəpəz” görəcəyik” – MÜSAHİBƏ
“Kəpəz”in yarımmüdafiəçisi Şakir Seyidovun Komanda.az saytına müsahibəsi:
- “Kəpəz” cari mövsümdə “Neftçi”, “Qarabağ” kimi çempionluğa iddialı klublardan xal alıb, amma “Araz-Naxçıvan” kimi debütanta doğma meydanda uduzub. Bunun səbəbini nədə görürsən?
- “Neftçi” ilə matçda meydanda mən yox idim, ama oyunu izləmişdim. Komandamız çox yaxşı mübarizə apardı və layiqli qələbə qazandı. “Qarabağ”la matçda isə meydanda idim, çox yaxşı, baxımlı oyun sərgilədik və bir xal qazanmağı bacardıq.
- “Kəpəz”in Premyer Liqadakı startı barədə nə düşünürsən?
- Hələ çempionatda beş tur geridə qalıb. Komanda tam oturuşandan sonra daha güclü “Kəpəz” görəcəyik.
- Komandaya yeni qoşulan oyunçular haqda nə deyə bilərsən?
- Hamısı yaxşı insandır və yaxşı oyun keyfiyyətləri var. Düşünürəm ki, komandaya çox yardım edəcəklər.
- Milli komandanın oyunları ilə bağlı yaranmış fasilə “Kəpəz”ə müsbət təsir göstərə biləcəkmi?
- Gündə iki dəfə məşqlərimiz olur. Düşünürəm ki, bu məşqlərin bəhrəsini oyunlarda görəcəyik.
- Növbəti turda “Kəpəz” “Səbail”i qəbul edəcək. Son iki matçda qələbə qazanan komanda ilə oyun haqda nə düşünürsən?
- Oyuna ciddi hazırlaşırıq. Hər bir oyunda olduğu kimi baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib, qələbə qazanmaq istəyirik.
- “Kəpəz” hazırkı heyətlə mövsümün sonunda Premyer Liqada yerini qoruya bilər?
- Bunu çempionatın sonunda görəcəyik. Mən inanıram ki, layiq olduğumuz yerdə olacağıq.
- Komandanız üçün Premyer Liqada qalmaq uğrunda mübarizədə əsas rəqiblər kimi hansı klubları görürsən?
- İndi çempionat elə gedir ki, hər bir komanda rəqiblərindən xal ala bilir. Bu il çempionat çox çətin olacaq. Ona görə də, kimin sonuncu, kimin birinci olacağını demək mənə düşməz. Hər bir oyuna üç xal üçün çıxıb xallarımızı artıracağıq.
Akif Əhmədov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin