“Kimin finala çıxacağını təxmin etmək çox çətindir”

“Kimin favorit olduğunu söyləmək, finala çıxacağını təxmin etmək çox çətindir”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Məhəmməd Muradlı ölkə çempionatı ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

21 yaşlı qrossmeyster 1/16 finalda Ümid Aslonova qalib gəlməsinə toxunub:

“Rəqibimi uşaqlıqdan tanıyıram. Çox yaxşı mübarizə apardı, əlindən gələni etdi. Amma təcrübə fərqi sözünü dedi. Hər iki qarşılaşmanın əvvəlində kiçik üstünlük əldə etdim. Bunları yavaş-yavaş inkişaf etdirərək inamlı qələbələr qazandım”.

Muradlı Rauf Məmmədov və Şəhriyar Məmmədyarovla klassik oyunda heç vaxt qarşılaşmadığını söyləyib:

“Bu, mənim üçün maraqlı olacaq. Aydın Süleymanlı da yaxşı formadadır. Onun yaxşı nəticə göstərəcəyini düşünürəm. Amma kimin favorit olduğunu söyləmək, finala çıxacağını təxmin etmək çox çətindir. Bir səhvlə turnir bizim üçün sona çata bilər. Tarixin ən güclü Azərbaycan çempionatı keçirilir. Belə olması hamımız üçün sevindirici haldır. Hər bir iştirakçı burada oynamağa layiqdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button