Kimi axtarırsız?!

Hüseyn Cəbrayıloğlu 

Azərbaycan millisinin baş məşqçi postu üçün axtarışa çıxan AFFA rəhbərliyi namizədləri saf-çürük edir. Sanki o mütəxəssisi tapıb müqavilə bağlayan kimi, bütün işlərimiz düzələcək, it ulayan tribunalar dolacaq, ölkə futbolu Bakı çempionatından bölgələrə yayılacaq, “böyük oyun” ağırlığında derbilər baş tutacaq və sonda Azərbaycan millisi Kosovanı, Maltanı məğlub edib, bizi böyük bir biabırçılıqdan xilas edəcək.

Əslində, bunların heç biri olmayacaq. Bunu biz də, o mütəxəssisi axtaran AFFA rəhbərliyi də gözəl bilir. Sadəcə, ölkədə futbol adına güclü ictimai qınaq yoxdur, ziyalılar, futbol veteranları, deputatlar susub. Futbol ölkədə yumurta bahalaşması problemindən sonra bəlkə də 51-ci yerdədir. İdman mediası da təzyiq yaratmaq gücündə deyil və ilk dəfə, Qurban Qurbanovun istefası sonrası AFFA-nın baş katibini üz-üzə divara dirəyən iki-üç qələm əhli və efirdə kifayət qədər ciddi tənqid edən iki jurnalist tapıldı. İllər öncə, 27 yaşında baş katib postuna gələrkən danışanda üzü qızaran Elxan Məmmədov belə, gözəl bilir ki, kiçik bir jestlə idman mediasını 8 yerə bölə bilər. Bu mənada, rahatca futbolun anasını ağladırlar. Həm də göz görə-görə…

Ölkədə futbolun dərin bir uçurumdan çıxması üçün gərək parlamentimizdə ən azı Saffet Sancaklı kimi keçmiş futbolçumuz olaydı. Türkiyə Böyük Millət Məclisində “Futbolumuz böyük sürətlə uçuruma gedib. Bunun səbəbkarı olan və heç bir futbol biliyi olmayan Dəmirörən isə illərdir futbol federasiyasının başındadır” deyən Sancaklı kimi millət vəkilimiz yoxdur. Biz 124 Siyavuş Novruzov yetişdirə bildik, amma Sancaklı yetişdirə bilməmişik. Futbol tariximizin ortaya çıxara bildikləri İsgəndər Cavadovdur, o da futbolumuzu məhv edənlərin yanında susub durub. Maşallah Əhmədovdur, adamı illərdir “piletka” oğrusu kimi məhkəmədən-türməyə, türmədən-məhkəməyə göndərirlər. İki bölgə klubu ilə çox intriqalı, çətin çempionatlarda çempion olan Ağasəlim Mircavadov boyda adam belə, 1000 manatlıq Məşqçilər Şurası maaşına susub qalıb. Ölkədə potensial futbol müxalifətini 1000 manatlarla susdurublar. Kim danışacaq?

Biz 15 il öncə ölkə futbolunu xatırlayarkən, utanmaq əvəzinə sevgi dolu nostalji ilə başımızı aşağı dikib, ah çəkirik. Çünki 15 il öncə Azərbaycan futbolu daha dinamik, daha inkişaf etmiş durumda idi. Biz neçə il geriyə düşmüşük, tapa bilmirik və indi hamımız başı neftə qarışan federasiya prezidentinin “iyirmi iyirmi” nağılına, baş katibin “futbolu mən oynamıram” cavabına sosial şəbəkədə rişxənd etməkdən başqa çarə tapmırıq.

Axtarırlar… Amma kaş biri bunları inandıra, məcbur edə biləydi ki, axtardıqları elə bu ölkənin özündədir. İndi heç olmasa, gedib Tovuzda, Lənkəranda, Aranda futbol akademiyası tikib, ümidimizi 10 il sonraya bağlamalıyıq. Futbolsuz qalan stadionlara həyat verməliyik, ölən klubları diriltməliyik. Azərbaycanda ən ideal, ən düzgün idarə olunan “Qarabağ” klubunun aşağı yaş qrupları belə, illər öncə “ölən klublar”ın məhsulu ilə zaman keçirir. Hazırda var olan klubların akademiyaları “Qəbələ” xaric, 7-8 il öncənin “Bakı”sının, “Xəzər Lənkəran”ın heç “bir tayı” deyil. Ölkəyə “böyük oyun”ları qaytarmaq lazımdır, futbol akademiyalarını bu işin ustalarına etibar etməliyik. Gələcəkdə Hadı Rəcəbli, Elman Nəsirov kimi yox, cəhənnəmə, bir Sancaklı kimi futbol veteranından deputat qazanmaq üçün onları düzgün yetişdirəcək müəllimlər tapmalıyıq.

Axtarırlar… Amma qaranlıq otaqda iynə axtaran tip rolundadırlar. Ölkə futbolunu daha on illər geriyə salmaq üçün xaricdə yeni Lippertlər, Foqtslar axtarırlar. İmişlinin, Şəmkirin, Yevlaxın, Zaqatalanın, Lənkəranın boş qalmış arenalarını görməzdən gəlib, xarici məşqçi axtarmaq nə qədər ağılsızlıq, xudpəsəndlik, gerizəkalı düşüncədir, deyilmi? İllərdir məhv etdiyiniz Azərbaycan futbolunu siz sevməyəndən sonra xaricdən gələcək məşqçi – İvan, Petrov niyə sevsin ki? Yaxud Azərbaycan futbolunun hakimliyi adına qara ləkə olan Elçin Məmmədova “hakimliyin xilası” gözü ilə baxdıqdan sonra biz sizə, sizin atdığınız addımlara niyə ümid edək ki? Ümumiyyətlə, siz nəyi, kimi və niyə axtarırsız?