Diniyev: “Kim olursa olsun, millidə yerli baş məşqçi olmalıdır”

Azərbaycan millisi dünən DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Ukrayna yığmasını qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Dünənki oyunda Azərbaycan millisinin baş məşqçi postundan qovulan portuqaliyalı mütəxəssis Fernandu Santuşun səlahiyyətlərini bu vəzifəyə müvəqqəti təyin edilən, həm “Şamaxı”nın, həm də U-21 yığmasının çalışdırıcısı Ayxan Abbasov yerinə yetirirdi.

Santuşun baş məşqçi postundan göndərilməsi və Ayxan Abbasovlu milli komandanın Ukrayna qarşısında nümayiş etdirdiyi oyunla bağlı Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin fikirlərini öyrəndik.

Diniyevin Komanda.az-a açıqlaması belə oldu:

“Düşünürəm ki, vaxtında atılan addım idi. Yəni, belə məğlubiyyətdən sonra (İslandiya yığması ilə matçdakı 0:5-i nəzərdə tutur) hər bir baş məşqçi bir çox yerlərdə ya gedir, ya göndərilir. Santuşun da getməsi labüd idi və baş verdi. Artıq gedən baş məşqçinin arxasınca danışmaq etik baxımdan yaxşı deyil.

Əlbəttə, bir günə baş məşqçi nəyisə dəyişə bilmir. Ancaq ən əsası, bu dəfə biz əzmkarlıq gördük. Komanda meydançanın hər qarışı uğrunda vuruşmağa çalışırdı. Baş məşqçi ancaq psixoloji baxımdan dəstək ola bilərdi, onu da etdi. Düşünürəm ki, milli dünən Ukraynaya qarşı yaxşı mübarizə apardı”.

59 yaşlı mütəxəssisin “Azərbaycan millisinin baş məşqçi postunda kimi görmək istərdiz” sualına cavabı belə oldu:

“Bunu demək bir az yaxşı deyil. Mən mütəxəssisəm, mütəxəssis hansı məşqçini millidə görmək istədiyini deyə bilməz. Sadəcə, qısaca onu deyə bilərəm ki, bu, bir daha göstərdi ki, millimizin hazırkı durumuna yerli məşqçi daha uyğundur. Kim olursa olsun, millidə yerli baş məşqçi olmalıdır”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button