Kimə lazımdır belə “Sumqayıt”?
Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları eyni gündə – martın 15-də keçiriləcək. AFFA-nın Bakı çempionatına çevirdiyi Premyer Liqanın bu turunda bütün oyunlar paytaxtda və ya ətraf qəsəbələrdə baş tutacaq.
Hər şey tərsinə dövran edir indi
“Turun mərkəzi matçı” deyə biləcəyimiz oyunda lider “Neftçi” çempionatın yeganə rayon komandasını – “Qəbələ”ni qəbul edəcək. Qəbələ təmsilçisi var gücüylə 3-cü pilləyə can atır. Sənan Qurbanovun komandası son turda, doğma meydanda 3-cü yerdəki “Səbail”i məğlub etməklə, avrokuboklara iddiasını ortaya qoydu. Amma “Neftçi” hazırda vahid liderdir və zirvədəki yeri əldən buraxmaq fikrində deyil. Əvvəlki dövr olsaydı, ortaya “Neftçi” “Qəbələ”dən xal ala biləcəkmi” sualını qoyardıq. Amma indi hər şey tərsinədir: “Qəbələ” “Neftçi”dən xal qopara biləcəkmi? Bu sualın cavabını isə ancaq hakimin final fitindən sonra biləcəyik.
Yeri gəlmişkən, bu oyundan əvvəl “Qəbələ”nin üzünü güldürə bildirəcək amil, 9 qolla Premyer Liqanın bombardiri olan “Neftçi”nin əsas hücumçusu Baqali Dabonun qarşılaşmada iştirak edə bilməyəcəyidir. Bakı klubuna elə “qırmızı-qaralar”dan keçən Dabo, sarı vərəqə limitini doldurduğu üçün keçmiş komandasına qarşı forma geyinə bilməyəcək.
Statistika nə deyir?
“Neftçi” son 7 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” səfərdəki son iki görüşdə xal qazanmayıb.
Neftçi – Qəbələ: 42 oyun, 18 qələbə, 8 heç-heçə, 16 məğlubiyyət, top fərqi 54-55
“Səbail”lə qarşılaşmada da xal itkisi olsa…
21-ci turun maraqla gözlənilən qarşılaşmalarından biri “Səbail”lə “Qarabağ” arasında keçiriləcək. Son illərin dəyişməz çempionu olan “köhlən atlar” 3-cü pillədəki “Səbail”lə görüşdə qələbə qazanmağa məcbur, daha doğrusu, məhkumdur. Əks halda, lider “Neftçi”yə çatmaq çətinləşəcək, bəlkə də mümkün olmayacaq.
AFFA-nın “övladlar”ından olan Bakı komandası isə 3-cü yeri əldən verməmək üçün mübarizə aparır. “Səbail”in istənilən xal itkisi nəfəsini hiss etdiyi “Qəbələ”yə ona daha da yaxınlaşmaq imkanı verə bilər. Amma rəqib “Qarabağ”dırsa, xal qazanmaq elə də asan deyil. Qurban Qurbanovun komandası əvvəlki turda “Zirə”ylə görüşdə xal itirib (0:0). “Səbail”lə qarşılaşmada da xal itkisi olsa… Bax, onda “Qarabağ”ın gücünə də, çempionluq həvəsinə də şübhə etmək olar.
Statistika nə deyir?
“Qarabağ” texniki nəticənin qeydə alındığı matçdan başqa, bütün oyunlarda qələbə qazanıb. “Səbail” bu görüşlərdə qol vura bilməyib.
Səbail – Qarabağ: 6 oyun, 1 qələbə, 0 heç-heçə, 5 məğlubiyyət, top fərqi 0-7
İki baş məşqçisi olan “Keşlə”
Son turda gözlənilmədən “Sabah”ı böyük hesabla (3:0) məğlub edən “Keşlə” bu dəfə “Zirə”nin qonağı olacaq. Keşlə təmsilçisinin prezidenti Zaur Axundov bir müddət əvvəl, komanda məğlubiyyətləri sıralayanda açıqlama verərək bildirmişdi ki, oyunlar vaxtı texniki zonada əyləşmək üçün PFL-ə müraciət edəcək. Zaur müəllim PFL-ə müraciət etdi, etmədi, bilmirik. Amma hiss olunan odur ki, “Keşlə”nin iki baş məşqçisi var – Zaur Axundov və Tərlan Əhmədov.
Turnir cədvəlinin 7-ci pilləsinə pərçimlənmiş “Zirə”nin isə mövqeyinə fikir verməyin, Samir Abasovun bu komandadan gözləntiləri böyükdür. O qədər böyükdür ki, “qartallar”la Avropa Liqasına “uçacağına” inanır. Amma Avropa Liqası ilə bağlı xəyal qurmamışdan əvvəl gərək sənə ən yaxın olan rəqibə – “Keşlə”yə yerini göstərəsən, Abasov. Samir müəllim əmin olsun ki, Avropa Liqasına vəsiqə qazanmaq üçün atılan ilk addım çempionatda 6-cı pilləyə yüksəlməkdir. 6-cı pillədə isə hazırda “Keşlə” “lövbər salıb”.
Statistika nə deyir?
“Keşlə” 4 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” son 5 ev oyununda qalib gəlməyib.
Zirə – Keşlə: 14 oyun, 2 qələbə, 8 heç-heçə, 4 məğlubiyyət, top fərqi 12-14
Elxan Məmmədovun “əlaltılar”ı
“Keşlə” qarşısında böyük hesabla uduzan və kefi pozulan “Sabah”, mövsüm başlayandan ovqatı təlx olan, işləri düz getməyən, qələbə qazananda neçə-neçə qurban kəsib Sumqayıt camaatına paylamalı olan “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. “Sabah”ı başa düşmək olar, Premyer Liqada ilk mövsümünü keçirir, komandanın bəlli hədəfləri var. Bəs “Sumqayıt”? Bəs AFFA-nın yaşaması, var olması üçün milyonları xərclədiyi bu komanda? AFFA-nın baş katibi Elxan Məmmədov neftin pullarını “kimyaçılar”ın ayaqları altına ona görə tökür ki, komanda Premyer Liqanın “qapazaltı”sı olsun, “zirzəmi”də otursun? Kimə lazımdır belə “Sumqayıt”? Yəqin təkcə Elxan Məmmədova və bu klubdakı “əlaltılar”ına.
Statistika nə deyir?
Hər iki oyunda meydan sahibi olan tərəf məğlub olub. “Sabah” bu görüşlərdə meydanı qolsuz tərk etməyib.
Sabah – Sumqayıt: 2 oyun, 1 qələbə, 0 heç-heçə, 1 məğlubiyyət, top fərqi 2-4
Komanda.az
Bizi Facebook-da izləyin