“Keşlə” komanda kimi tam formalaşmayıb”
Rusiyanın “Soçi” komandasının baş məşqçisi Vladimir Fedotov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 4:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna əvvəldən sona kimi nəzarət etdik. Rəqib qol vuranda nəzarəti əldən verdik. Xüsusi olaraq Felipe Santosu qeyd etmək istəyirəm. Braziliyalı bütün komandanı aldadaraq 2 qolun vurulmasına səbəb oldu. Oyunçularımın çoxu matç ərzində bütövlüklə müdafiəyə toplaşırdı ki, bu da məni narahat etdi. Evdəki kimi uzaqdan zərbələr vura bilmədik. Hər halda bu görüşdə qələbə qazanmaq bizə nəsib oldu.
Futbolçularının çox aqressiv olduğunu deməzdim. Tribunada olanda epizodlar başqa cür görünür. Düşünürəm ki, mənim futbolçularımda aqressiya çatmırdı. Topu hərəkət etdirəndə ehtiyatlı davranırdılar. Rəqibə boşluqlar verirdilər. Onlar da bundan istifadə edib, rahat davranırdılar. Ot örtüyünün də suni olması sürətin azalmasına səbəb olurdu. Bu mənada düşünürəm ki, biz aqressiv deyildik. Oyundan öncə futbolçularıma bildirmişdim ki, yenə qələbə qazanmalıyıq. Onlara minnətdaram ki, mənim sözümü yerə salmadılar. Bütün güclərini sərf edərək qalib gəldilər. Ev oyunumuzda azarkeşlər yox idi. Bu qarşılaşma isə yayınlanırdı. Uşaqlar özlərini azarkeşlərə göstərməli idilər. Futbolçularım buna nail oldular”.
Rusiyalı mütəxəssis “Keşlə” barədə də fikirlərini bölüşüb: “Rəqibimiz yeni qurulan komandadır. Bir çox oyunçu “Keşlə”yə yeni qoşulub. Ola bilər ki, bir qədər oyun praktikasından əziyyət çəkirlər. Fərdi ustalıqları üstün olan futbolçuları var. İndi qalıb komanda olaraq formalaşmaları. Bundan sonra onların üçün hər şey yaxşı olacaq. Bu komanda hücumameyillidir. Bu da hər kluba üstünlük verən amildir. “Keşlə”yə uğurlar arzu edirəm”.
“Soçi”nin çalışdırıcısı Konfrans Liqasında Azərbaycanın digər təmsilçisi “Qarabağ”la qarşılaşmaq ehtimalı barədə də danışıb: “Mən dünən də dedim ki, ölkənizə ikinci dəfədir gəlirəm. Bura mənə çox xoş təsir bağışladı. Bakı həqiqətən də gözəl şəhərdi. Dünən “Neftçi”nin matçında tribunalar dolmuşdu. Bu gün də “Keşlə”nin matçında azarkeşlər var idi. Burada hər şey çox gözəldir. Amma indi ancaq reallıqdan danışmaq lazımdır. Hələ pley-off mərhələsinə vəsiqə qazanaq. Bundan sonra nələrin olacağını görəcəyik”.
Bizi Facebook-da izləyin