“Keşlə” transferlərə niyə pul tapmayıb?

“Keşlə” bu qış yetərincə qəribə maliyyə problemi ilə üz-üzə qalıb.

Komanda.az xəbər verir ki, klubun məşqçilər korpusu bir neçə səviyyəli futbolçuyla maraqlansa da, onların heç biriylə güclənə bilməyib.

Belə ki, klubda qeyri-müəyyənlik hökm sürdüyü dönəmdə öz şəxsi vəsaiti hesabına müəyyən xərcləri qarşılayan Zaur Axundov, indi həmin paraları hissə-hissə geri alır. Transferlər zamanı da məhz bu məqam qabardılıb. Müşahidə Şurasının sədri 8 oyunçu yola salınmasına baxmayaraq, gedənlərin əvəzinə daha səviyyəli 3-4 futbolçu gətirilməsinin mümkünsüz olduğunu bildirib. Başqa sözlə, kəmiyyəti keyfiyyətlə əvəzləmək məqsədi Axundovun büdcədən geri götürmək istədiyi paralar üzündən alınmayıb. Son nəticədə Vüsal İsgəndərli və iki az ödənişli legionerlə müqavilə bağlamaq məcburiyyəti yaranıb, ardından isə “qəpik-quruş”a oynayan Valeri Kutsenkoya dəvət göndərilib. Bakı təmsilçisinə havayı başa gələnlərdən Emin Mehtiyevlə bağlı yaranan problem isə hamının bildiyi olaydır.

Mövcud vəziyyətlə bağlı klubun rəsmi mövqeyini də öyrənməyi özümüzə borc bildik. “Keşlə”nin sözçüsü Səbuhi Məmmədovun söylədikləri belə oldu:

“Rəsmi mövqeyimiz belədir ki, “Keşlə”ni sponsor maliyyələşdirir. Transferlərə də onlar pul ayırır. Zaur müəllimdən soruşmuşam, kluba öz cibindən pul xərcləmədiyini bildirib”. (Fanat.az) 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button