“Düzü, yığmada çalışmaq barədə heç düşünməmişəm, ancaq…” – Müsahibə
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Komanda.az saytına müsahibəsi:
- Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsindəki çıxışını necə dəyərləndirirsiz?
- Vallah, yığma barəsində nə deyim? Bu haqda hamı danışıb, indi nəsə deməyə lüzum yoxdur. Gələcəyə ümidlə baxmalıyıq. Bu gün mən də hamı kimi danışacam. Bir xal qazanmışıq və bu, bizə dərs olmalıdır. Artıq işlərimizi daha inamla görməliyik. Bu seçmə mərhələdə buraxdığımız səhvləri bir də etməməliyik. Tək milli komandanı deyil, bütün Azərbaycan futbolunu qaldırmalıyıq. Bu mərhələni yaddan çıxarıb, gələcəyə ümidlə baxmalıyıq.
- Baş məşqçi Nikola Yurçeviçin postundan göndəriləcəyi deyilir. Xorvat baş məşqçinin əvəzinə bu vəzifəyə namizədlər arasında siz də göstərilirsiz. Təklif olsa, qəbul edərsiz?
- Kimin gələcəyini, kimin gedəcəyini bilmirəm. Təbii haldır ki, istənilən baş məşqçinin adı ola bilər. Ancaq hazırda “Keşlə”dəyəm, bu komandanı çalışdırıram. Əlbəttə, hamı kimi mən də çox istərdim ki, milli komandanı yaxşı baş məşqçi çalışdırsın. Azərbaycanda bu işi, sistemi bacaracaq təcrübəli məşqçilərimiz olsun. Düzü, yığmada çalışmaq barədə heç düşünməmişəm, ancaq məsləhət olarsa, yəqin ki, çalışaram.
- Milli komandaya baş məşqçi təyin olunsaz, nəticələri dəyişə bilərsiz? Yığma komanda ilə uğur qazanmaq potensialını özünüzdə görürsüz?
- Təklif olsa, qəbul eləsək, düzələcək-düzəlməyəcək, bilmirəm. Hazırda “Keşlə”dəyəm və başqa təklif yoxdur. Allahın işidir, mən “Keşlə”yə gələndə bilmirdim ki, uğurlu olacam, yoxsa yox. Eyni ilə “Neftçi”yə gedəndə də. Hər şeyi Allah bilir. İndi təklif yoxdur, nə olacağını bilmirəm. Milli komandanı kim çalışdıracaqsa, ona da uğurlar.
- “Keşlə”də vəziyyət necədir?
- Yaxşıdır, şükür. Yığmada olanlar var idi, onlar qayıdıb gəlib. Con Kamara, Vüsal isgəndərli və Tural Bayramlı millilərə yollanmışdı. Üç gündür məşqlərimiz davam edir. Hamı “Zirə” ilə oyuna hazırlaşır. Çalışırıq ki, növbəti oyunumuzu daha yüksək səviyyədə keçirək. Düşərgədə hər şey qaydasındadır. Futbolçularımızı qorumağa hazırlaşırıq. Hava şəraitində də dəyişiklik var, hər şeyə diqqətlə yanaşırıq. Çalışırıq ki, problem olmasın.
- Tural Bayramlı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət alsa da, yığmanın baş məşqçisi Milan Obradoviç tərəfindən iştirak ərizəsinə daxil edilmir. Turalla serbiyalı məşqçi arasında problem olduğu iddia olunur. Bu haqda məlumatlısızmı?
- Yox, bu haqda bilmirəm. Hər zaman futbolçularıma dəstək oluram. Futbolçularıma deyirəm ki, millinin düşərgəsində və ya başqa yerdə nə baş verirsə, orda da qalmalıdır. Hər zaman deyirəm ki, gələcəyə ümidlə baxmalısan, səni oynatmırlar deyə, pis olmamısan. Əksinə, daha çox çalışmalısan ki, sənə etimad etsinlər. Turalın bu vəziyyəti mənim üçün də çətindir. Biz onu 14 günlük itiririk, gedir yığmaya, oynamır və praktikası aşağı düşür. Onun əzab-əziyyətini biz çəkirik. Öz formasını bərpa edənə qədər səhvlər edir. Çalışırıq ki, Turalı bu psixoloji sindromdan çıxaraq. Onun oynamamasının səbəbini Obradoviç bilir, bu sualı ona versəz, yaxşı olar.
- “Keşlə”nin maliyyə durumu necədir?
- Şükür Allaha, heç bir problemimiz yoxdur. Bizim işimiz oyunlara köklənməkdir. Ötənilki uğursuzluğu unutdurmağa çalışırıq. Hələ ki, heç bir problemimiz yoxdur.
- Ötən mövsümü “Keşlə” sonuncu sırada tamamladı, ancaq bu il Premyer Liqada 2-ci yerdə gedirsiz. Bu müddətdə dəyişən nə oldu?
- Vallah, bayaq dedim ki, nəyin, nə olacağına biz qərar vermirik. Ancaq elə şeylər var ki, iradədən asılıdır. Keçən il də etiraf etdim ki, çox çalışsam da, komandada birlik yarada bilmədim. Bunun üçün çox səy göstərdim, komandanı toparlamağa çalışdım. Ancaq alındıra bilmədim ki, bilmədim. Buna görə də, komandanın 90 faizi ilə yollarımızı ayırdıq, yeni komanda formalaşdırdıq. Təzə gələn futbolçularla bu birlik haqda söhbət etdik. Birlik olmasa, heç kim nəyəsə nail ola bilməz, nə Tərlan Əhmədov, nə də futbolçular. Kollektiv arasında birlik olması lazımdır. Çətinlik içərisində çətin olur. Biz 7 komanda ilə 4 dəfə qarşılaşırıq. Çox amillər var – hava, meydança, rəqib, rəqibin taktikası, hakim və s. Səhvlərlə dolu işimiz var və bunları düzəltmək üçün çox çalışmalıyıq. Fərdi söhbətlərdən sonra futbolçularla müqavilə bağladıq, onlardan soruşduq ki, bu yola bizimlə çıxmağa hazırsızmı? Bu gün bizim gözəl ailəyə sahib komandamız var, başda Zaur Axundov olmaqla. Çalışdığımız qədər məsuliyyətlə, istəklə bu işi davam etdiririk.
- Mövsüm üçün hədəfləriniz nədir?
- Qarşımıza Avropa Liqasına getmək qoyulub. Əsas hədəf Avroliqanın təsnifat mərhələsinə düşməkdir. Çalışacağıq ki, üst pillələrdə olaq.
- Komandanın Avropa Liqasına yollanmaq üçün kifayət qədər potensialı varmı?
- Bəli, bu potensial komandanın oyununda var. Çalışacağıq daha yaxşı olaq, məşqlərdə də çalışırıq, səhvlərimiz üzərində işləyirik. Hər oyundakı səhvlərimizi təhlil edirik, bunları düzəltməyə çalışırıq. Bundan əlavə, futbolçuların da əhval-ruhiyyəsini düzəltmək istəyirik. Bir-iki mövqe üçün də futbolçu axtarırırq.
- “Zirə” ilə oyun üçün hədəfiniz nədir?
- Yaxşı oynayıb, üç xal qazanmaqdır. Bu, hamının istəyidir. Gözəl oyunumuzla sonluğu yaxşı gətirmək istəyirik.
- Ruslan Əmircanov haqda sual vermək istəyirdim. Ötən mövsümdən bu yana sizdən şans gözləyir, ancaq hələ də ehtiyat oyunçular skamyasında əyləşir.
- Hər halda, şansı olanda oynayacaq. O mövqedə yetərincə oyunçular var. Şans verilsə, dəyərləndirər. Onun yaxşı təcrübəsi, futbol taktikası var. Bizim klubda bəzi mövqeləri çıxmaqla, digər yerlər üçün namizədlər çoxdur. Ruslanın da şansı olacaq və dəyərləndirməyi özünə qalıb.
- Vaqif Cavadovun, Kamran Ağayevin son klubu “Keşlə” olub. Hansı ki, hər iki futbolçu indi işsizdir. Ruslanı da belə bir aqibət gözləyirmi?
- Bilmirəm, Ruslanla dostluğun var, ya yox, yaman danışırsan. Gedən futbolçulara uğurlar arzu etmişik. Bacardığmız qədər onlara şərait yaratdıq. Kimin nə olacağını, kimi nəyin gözlədiyini heç kim bilmir. Ruslan hələ komandadadır. Onun ayrılığı haqda düşünmürük. Hələ bu komandadadır. Planımızda onu yola salmaq yoxdur. Sadəcə, şansı nə vaxt olacaqsa, oynayacaq. Ruslan kollektivi sevən oyunçudur, kollektiv də onu sevir. Tez uyğunlaşan futbolçudur, onunla yollarımızı ayırmaq planımız yoxdur.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin