“Keşlə”ni keçsək, mükafat alacağıq” – Yaşar Vahabzadə
“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Komandam pis oynamadı, özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə əks-hücumlarımız oldu ki, futbolçular bir qədər soyuqqanlı davransaydılar, epizodu qola çevirə bilərdilər. Heyətimiz əsasən gənc oyunçulardan ibarətdir. Onların o dərəcədə ustalıqları yoxdur. Bununla belə, komandadan razı qaldım. Futbolçularıma təşəkkür edirəm”.
Vahabzadə qapılarına təyin olunan və qolla nəticələnən penalti barədə də danışıb: “Penalti epizodunu görmədim. Amma təyin ediblərsə, deməli, doğru qərardır”.
61 yaşlı mütəxəssis cavab matçına daha ciddi hazırlaşacaqlarını söyləyib: “Ümid sonda ölür. Özümüzə inanırıq. Bu cür oyunlar futbolçularda inam yaradır. Gəncədəki görüşdə istədiyimiz nəticəni əldə etməyə çalışacağıq”.
Təcrübəli mütəxəssisin sözlərinə görə, ölkə kubokunun 1/8 finalında “Sabah” üzərində 2:1 hesablı qələbəyə görə komandaya mükafat verilib: “Klub rəhbərliyi sağ olsun, Gəncəyə qayıdıb məşqləri bərpa edən gün uşaqları sevindirdilər. Bu mərhələni keçsək, hər halda yenə mükafatlandırılacağıq. Əsas olan komandanın yaxşı oyun göstərməsidir. Belədə mükafat da olacaq”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü fevralın 7-də Gəncə şəhər stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin