
“Başda baş məşqçi və futbolçular olmaqla, hər kəs sarsıntı içindədir” – “Neftçi”dən açıqlama
“Zirə” dünən Azərbaycan Premyer Liqasının 7-ci turunda “Nefçi”ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Oyunun gedişində 0:1 hesabı ilə məğlub olan “ağ-qaralar” geridönüş edərək, matçın son dəqiqələrinə 2:1 öndə daxil olub. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə “Zirə”nin kapitanı Qismət Alıyevin standart vəziyyətdən cərimə meydançasına “asma”sı zamanı matçın baş hakimi Kamal Umudlu VAR-ın müdaxiləsindən sonra “Neftçi”nin futbolçusunun “qartallar”ın yarımmüdafiəçisi Ceyhun Nuriyevlə mübarizəsini ev sahibi komandanın lehinə penalti kimi dəyərləndirib.
Umudlunun bu qərarı matçın gedişində və sonra ciddi narazılıqlara səbəb olub. “Hakimliklə bağlı AFFA-ya şikayət edəcəksizmi və ümumiyyətlə, klub hansı addımları atmağı planlaşdırır” sualları ilə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq.
Klub rəsmisinin Komanda.az-a açıqlaması belə oldu:
“Hazırda klubda başda baş məşqçimiz və futbolçular olmaqla, hər kəs dərin sarsıntı içindədir. Bu mövsüm ilk dəfə deyil ki, başımıza belə hadisə gəlir. Keçirdiyimiz 7 oyundan ən azı 4-də hakim qərarlarından əziyyət çəkmişik. Klub bununla bağlı hansısa tədbir planlaşdırarsa, ilk növbədə azarkeşlərimizə və ictimaiyyətə məlumat verəcəyik”.
“Neftçi” növbəti turda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



