Kazbek Tuayev və Putin
Rəşad Ergün
Dəhşətli və ya dəhşətli dərəcədə xoş bir şey yaşamayıbsa, illər insanı dəyişdirmir. 18-də nədirsə, 80-də də o olur.
Bir insan 18 yaşında yaltaq, yalançı və qorxaqdırsa, Allah hansısa səbəbdən 80 il yaşamasına imkan veribsə, həmin yaşda da yaltaq, yalançı və qorxaq olacaq. Dəyişən sadəcə daha yaxşı yaltaqlanmaq, daha böyük yalan danışmaq, daha çox qorxaq olmaq “keyfiyyətlər”i olur.
Xülasə, təcrübə! Təcrübə artdıqca, yaltaq, yalançı adamın yaltaqlanmaq və yalan danışmaq kimi “istedad”ı da inkişaf edir, gün gəlir, müstəsna həyasızlıq həddinə çatır. Məsələn, biz bunu Rusiya prezidenti Vladimir Putinin timsalında Ukraynaya edilən hücumlar zamanı görürük. Rus əsgərləri Buçada dinc sakinləri qətl edəndən sonra Putin çıxıb bunu Ukrayna ordusunun özünün təşkil etdiyini söyləmədimi? Bax, bu, yalanın müstəsna həyasızlıq həddinə çatması formasıdır, zirvədir, pik nöqtədir.
Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev bu günlərdə elə bir açıqlama verib ki, dirəşsə, Putinin Buça ilə bağlı sayıqlamasını da unutdura bilər. Tuayev AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru təyin edilməsinə münasibət bildirib:
“Bu, məsuliyyətli vəzifədir. Şadam onu bizim həmyerlimizə həvalə ediblər. Amma mən narazıyam. Elxan Məmmədov kimi insana daha yüksək vəzifə verilməlidir. O, UEFA prezidenti olmalıdır. Düzü, Aleksander Çeferinin işi məni qane etmir. Bu vəzifəyə bütün göstəricilər üzrə Elxan Məmmədov uyğun gəlir. İstənilən halda, mən bu təyinata görə sevinir və fəxr edirəm”.
Bunu 81 il yaşamış, üzü üzlər görmüş bir futbol veteranı deyir. O futbol veteranı ki, hətta ötən əsrin 90-cı illərində onun baş məşqçisi olduğu, üzvləri “peraşkiyeyənlər”dən ibarət olan milli komanda üçün də FİFA reytinqində 129-cu pillədə olmaq söyüş sayılırdı. İndi 21-ci əsrdir, Azərbaycan milli komandasının futbolçuları elə Kazbek Tuayevin özü kimi, yağla-balla bəslənir, bahalı avtomobillərə minir, geniş villalarda yaşayır. Amma Azərbaycan millisi FİFA-nın reytinq siyahısında 129-cu pillədə “eşələnir”. Milli komanda hətta bu pilləyə də sürünə-sürünə çatıb, 139-cu, 149-cu yerdə də ola bilərdik.
Elxan Məmmədov həmin bu milli komandaya görə birbaşa məsuliyyət daşıyan AFFA-nın ən vacib fiquru olub, özü də illərlə. İndi 81 yaşlı birinin durub onun haqqında belə açıqlama verməsi…
Kazbek Əliyeviç, mən bilmirəm, əmin deyiləm, o biri dünya varmı, haqqında deyilənlər yalandır, yoxsa gerçəkdir. Amma onu bilirəm ki, 81 yaşlı KİŞİNİN bu biri dünyada son vəzifəsi yaltaqlıq, yalan danışmaq olmamalıdır. Bunu bir düşünün, veteran.
Bizi Facebook-da izləyin