Kavaninin yeni klubu rəsmən bəlli oldu

Futbol üzrə Uruqvay yığmasının hücumçusu Edinson Kavani özünə yeni iş yeri tapıb.

Komanda.az xəbər verir ki, bu yay İngiltərənin “Mançester Yunayted” klubundan ayrılandan sonra işsiz olan 35 yaşlı futbolçu “Valensiya”ya keçib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Kavani 2020-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, “qırmızı şeytanlar”ın heyətində keçirdiyi 2 mövsüm ərzində 59 matça çıxıb, 19 qol vurub. Peşəkar karyerasına “Danubio”da başlamış hücumçu, “Palermo”, “Napoli” və PSJ-də də forma geyinib. Uruqvay yığmasında 133 oyun keçirmiş Kavani, 58 qola imza atıb.

Yeri gəlmişkən, Kavaninin sonuncu klubu “Mançester Yunayted” gənc yarımmüdafiəçisi Hannibal Mejbrini “Birmingem Siti”yə icarəyə verdiyini açıqlayıb. Fransada dünyaya göz açsa da, Tunis yığmasında forma geyinən 19 yaşlı futbolçunun 2022/23 mövsümünün sonuna kimi Birmingemdə oynayacağı diqqətə çatdırılıb. 2019-cu ildən “Mançester Yunayted”də olan gənc yarımmüdafiəçi artıq bu klubun əsas komandasında da 3 oyun keçirib. O, Tunisin əsas milli komandasında da 16 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button