“Azərbaycan çempionatının davam edib-etməyəcəyi bəlli deyil” – Müsahibə
“Keşlə”nin qapıçısı Stanislav Namaşkonun Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiper olduğunu xəbər vermişdik.
Komanda.az xəbər verir ki, moldovalı qapıçı, millidəki oyunları, Azərbaycan Premyer Liqası, koronavirus pandemiyası barədə Moldova Futbol Federasiyasının saytına danışıb:
- Millidə 45 oyun keçirdiyimi bilirdim, amma bunun qapıçılar arasında rekord göstərici olduğunu bilmirdim. 14 oyunda qol buraxmamaq mənim üçün yeni və xoş göstəricidir. Hazırda bu sıralamada ilk pillədə yer aldığım üçün qürur duyuram.
- 45 oyundan ən unudulmazı hansı idi?
- Millinin heyətində ən yaddaqalan oyunum 2007-ci ilə Macarıstan millisinə qarşı keçirdiyimiz matçdır. Komandamız o gün möhtəşəm oynadı və 3:0 hesabı ilə qələbə qazandıq.
- Pandemiya dövründə nə etdin?
- Pandemiya dövründə Tiraspoldayam. Günə 1,5 saat məşq edərək başlayıram. Hər gecə “Keşlə”dəki komanda yoldaşlarımda online məşqlər edirik. İnanmaq çətindir, amma son iki ayda film və ya serial izləməmişəm. Musiqi dinləmək üçün də vaxtım yoxdur.
- Azərbaycan çempionatında vəziyyət nə yerdədir?
- Azərbaycan çempionatının davam edib-etməyəcəyi bəlli deyil. Hər şey hökumətin qərarına bağlıdır. “Keşlə” turnir cədvəlində “Qarabağ” və “Neftçi”dən sonra 3-cü pillədə qərarlaşıb və “Sumqayıt”dan 7 xal irəlidədir. Avropa Liqasına qatılmaq şansımız yüksəkdir. Hər zaman komandama qoşulmaq üçün Azərbaycana qayıtmağa hazıram. Kişinyovdakı Azərbaycan səfirliyi ilə əlaqə saxlamışam, bütün sənədləri hazırlamışam və Azərbaycan vətəndaşları üçün Bakıya çarter reysinin təşkil olunmağını gözləyirəm.
- Azərbaycan klubu ilə müqavilən nə vaxta qədərdir?
- Klubla iyunun sonunadək müqaviləm var. Pandemiya səbəbiylə klub rəhbərliyi ilə yeni müqavilə ilə bağlı danışmamışam. Etiraf edim ki, karyerama “Keşlə”də davam etmək istəyirəm və mənə yeni müqavilə təklif ediləcəyinə ümid edirəm.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin