
“Karvan”ın Azərbaycan futbolunun “cəmdəy”inə süni örtük döşəməkliyi
Rəşad Ergün
Gözün aydın olmasın, Azərbaycan futbolu. Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Karvan” qollarını çırmalayıb, ev oyunlarını keçirəcəyi stadionun yerinə süni örtük döşəyir. Gözlərinizin önündə belə mənzərəni canlandırmaq çətin olmamalıdır: avqust ayının istisi, Yevlax və bu “cəhənnəm”də – süni örtüklü meydançada tər tökən futbolçular.
“Qarabağ”la Azərbaycan futbolunun qabağa getməsi üçün gecə-gündüz çalışan Qurban Qurbanov da deyir ki, əcnəbi futbolçuları bura gətirmək çətindir… Çətin olar da, özünə hörmət edən hansı əcnəbi futbolçu Yevlaxa, süni örtüklü meydançada oynamağa gedər? Normal səviyyəsi olan hansı legioner futbolçu Azərbaycandakı süni örtüklü meydançaları görüb, başqalarına da bura gəlməyi məsləhət görər?
Premyer Liqada hansısa pilləni tutacaq, uzaqbaşı, avrokuboklara vəsiqə qazanıb, gedib elə ilk mərhələdəcə ağzının üstündən “sillə”ni yeyib, əli-ətəyindən uzun geri qayıdacaq deyə, Azərbaycan klubları dəridən-qabıqdan çıxırlar. Ev oyunlarını Bakıda keçirən, adındakı “Naxçıvan” sözündən başqa, Naxçıvana dəxli olmayan “Araz-Naxçıvan” yay girəndən bəri İsraildən tutmuş, Almaniyaya kimi, xeyli ölkədən futbolçu qatıb heyətinə. Pul var, aşağı səviyyəli legionerlərin ciblərinə doldururlar. Klubun rəhbəri Zaur Axundovun yəqin heç gecələr yuxusuna da girmir ki, bu komanda sözdə Naxçıvanı təmsil edir, “Araz-Naxçıvan”ı aid olduğu yerə qaytarmaq üçün nəsə addım atmaq lazımdır. Amma belə baxanda, Axundovun nəyinə gərəkdir Naxçıvan komandasının Naxçıvanda oynaması? Əlbəttə, pulu “boş-boş işlər”ə xərcləməməlisiz, yoldaş Axundov. Naxçıvanlılar komandanızın oyunlarını TV-dən izləsələr, bəsləridir. İzlədikcə də, AFFA rəhbərliyinin və sizin canınıza dua etməlidirlər.
Belə…
“Karvan” da Azərbaycan futbolunun “cəmdəy”inə süni örtüklü meydançanı döşəyəndən sonra, məncə, artıq hər şey aydındır. Premyer Liqada yeni mövsümə start verilsin, onsuz da hər şey unudulacaq. Komandaların harda, hansı şəraitdə, hansı meydançada oynaması deyil, qazandıqları və ya qazanmadıqları nəticələr müzakirə mövzusu olacaq.
Bizi Facebook-da izləyin



