Karius “Beşiktaş” rəhbərliyini ittiham etdi
Almaniyalı qapıçı Loris Karius Türkiyənin “Beşiktaş” klubundan rəsmən ayrılıb.
Komanda.az xəbər verir ki, o, müqaviləsini birtərəfli qaydada ləğv edib və müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıdıb.
26 yaşlı qolkiper bununla bağlı “İnstaqram” hesabında məlumat yayıb və baş verənlərə görə klub rəhbərliyini ittiham edib:
“Bu gün “Beşiktaş”la müqaviləmi ləğv etdim. Hər şeyin bu şəkildə bitməsi utandırıcıdı. Amma bunu bilməlisiz ki, problemi bu həddə çatmadan həll etmək üçün hər vasitəni yoxladım. Aylardı çox səbr etdim, rəhbərliklə mütəmadi danışmağa çalışdım. Eyni hallarla ötən il də rastlaşmışdım. Təəssüf ki, bu problemi həll etmək üçün heç bir cəhd göstərmədilər. Hətta maaşımın azaldılması ilə bağlı təklifimi də rədd etdilər.
Hər şeyə rəğmən, burada keçirdiyim zamandan çox zövq aldığımı bilməlisiz. “Beşiktaş” bu cür tərəfdar dəstəyinə sahib olduğu üçün qürur duymalıdı. Məni həm yaxşı, həm də pis anımda dəstəklədiniz. Sizi ən yaxşı şəkildə xatırlayacağam. Bütün komanda yoldaşlarıma, texniki heyətə, klub çalışanlarına təşəkkür edirəm. Gəldiyim ilk gündən bəri mənə çox yaxşı münasibət göstərdiniz. Çox təşəkkür edirəm. Çempion “Beşiktaş”!.
Qeyd edək ki, Karius 2018-ci ilin yayında “Liverpul”dan icarə əsasında “Beşiktaş”a keçmişdi.
Bizi Facebook-da izləyin