Peres Serxio Ramosa “olmaz” deyib
“Real” komandadan ayrılmaq istəyən müdafiəçisi Serxio Ramosu satacaq.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun prezidenti Florentino Pereslə danışan 33 yaşlı futbolçu, transfer qiyməti ödəmədən ayrılmaq istədiyini deyib. Lakin onun bu istəyi klub rəhbəri tərəfindən qəbul edilməyib.
“Kral klubu”nun Kriştiano Ronaldonun keçidindəki kimi, ispan futbolçu üçün transfer qiyməti müəyyənləşdirəcəyi və yalnız bundan sonra Ramosun keçidinə icazə verəcəyi bildirilir. Bundan başqa, Avropa klublarından Ramos üçün rəsmi təklifin gəlmədiyi də deyilir.
Məsələylə bağlı danışan Peres, Ramos üçün Çin liqasından təklif olduğunu deyib:
“Ramos Çindən çox vacib bir təklif gəldiyini dedi. Mən də ona “olmaz” dedim. Aramızda sadəcə səmimi bir danışıq olub. Kapitanımızı qarşılıqsız buraxmağımız mümkünsüzdür. Çünki bu, eyni zamanda təhlükəli bir nümunə olar. O, komandadakı ən yüksək ödənişli futbolçudur. Ramos buna layiqdir. Əvvəllər Ronaldo da elə idi. Futbolçunun səviyyəsinə görə balanslı bir məvacib cədvəlimiz var. Biz məvaciblərimizdə dəyişiklik edə bilmərik, çünki hesablarımıza La Liqa qurumu tərəfindən nəzarət edilir”.
Bizi Facebook-da izləyin