Kamran Quliyevdən bundan artıq nə gözləyirdiz?

Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları eyni gündə – mayın 5-də keçiriləcək. Bu turda Azərbaycan çempionunun adına aydınlıq gələ bilər.

Kamran Quliyevdən bundan artıq nə gözləyirdiz?

Turun mərkəzi oyunu Qəbələdə keçiriləcək. “Qəbələ” çempionluq uğrunda mübarizə aparan “Neftçi”ni büdrədə bilsə, “Qarabağ” çempionluğunu rəsmiləşdirəcək. Əslində, “köhlən atlar”ın çempion olacağı demək olar ki, dəqiqləşib. Sona iki tur qalmış Ağdam təmsilçisi ilə “neftçilər” arasında 5 xallıq fərq var. Bu fərqin aradan qalxması isə möcüzəyə bərabərdir. Və… Belə məlum olur ki, “Neftçi” daha bir mövsümü boşa verib. Baş məşqçi Roberto Bordinin komandaya oynatdığı mənasız futbol, taktikada, əvəzetmələrdə yol verdiyi səhvlər “neftçilər”in çempionluq həsrətini yenə uzatdı. Bir də, təbii ki, “Neftçi”nin yarıtmaz rəhbərliyi. “Kolxoz təfəkkürü” ilə klub idarə edəndə, nəticə belə də olmalıdır. AFFA-nın baş katibi Elxan Məmmədovun əmri ilə bir günün içində “Sumqayıt”ın rəhbəri postunu “Neftçi”nin prezidenti vəzifəsinə dəyişən Kamran Quliyevdən bundan artıq nə gözləyirdiz ki? Adam bəlkə də, yaxşı menecerdir, bilmədiyimiz başqa yaxşı keyfiyyətləri var, amma Quliyevdən klub prezidenti çıxmaz, bəylər! Azərbaycan standartlarına görə, ayrılan böyük maliyyənin, transferlərin qarşılığında “Neftçi” yenə çempion olmağı bacarmırsa, əvvəldə Kamran Quliyev, axırda Roberto Bordin olmaqla hamısı qovulmalıdır. Ən vacibi, “Neftçi” Elxan Məmmədovun əlindən alınmalıdır, baş katib bir daha ölkənin ən köklü klubuna kefi istəyəndə prezident təyin etmək səlahiyyətində olmamalıdır.

Statistika nə deyir?

“Neftçi” son 8 oyunda meydanı qolsuz tərk etməyib. Qəbələdəki son üç qarşılaşmada hər iki komanda qol sevinci yaşayıb.

Qəbələ – Neftçi: 43 oyun, 16 qələbə, 9 heç-heçə, 18 məğlubiyyət, top fərqi 56-55

Bu, həmin “Səbail”dir ki…

Yazının əvvəlində dediyimiz kimi, bu tur Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Bunun baş verməsi üçün “Qarabağ” “Səbail”i məğlub etməlidir. Belə olan halda, “Qəbələ” – “Neftçi” matçının nəticəsi heç bir əhəmiyyət daşımayacaq və “köhlən atlar” növbəti dəfə çempionluğunu rəsmiləşdirəcək. Məğlubiyyət isə Qurban Qurbanovun komandası üçün riskdir. “Neftçi” “Qəbələ”ni məğlub etməklə, aradakı xal fərqini azalda, bununla da, çempionluğun taleyinə aydınlıq gəlməsini son tura daşıya bilər. Son turda “neftçilər”i məhz “Qarabağ”la qarşılaşma gözləyir. Buna görə də, Ağdam təmsilçisinin bütün gücünü meydanda qoyub, “Səbail”dən 3 xal qoparmağa çalışacağını gözləmək olar. Bu, həmin “Səbail”dir ki, “Neftçi”ylə son iki qarşılaşmasında rəqibini bir oyunda məğlub edib, digərində “sülh”ə razılaşıb. Belə demək mümkünsə, “Qarabağ” hazırda vahid lider olmasına görə “Səbail”ə minnətdar olmalıdır. Bu “minnətdarlığ”ın necə, hansı səviyyədə olacağını oyun bitincə anlayacağıq.

Statistika nə deyir?

“Qarabağ” texniki nəticənin qeydə alındığı matçdan başqa, bütün oyunlarda qələbə qazanıb. “Səbail” indiyədək səfərdə qol vura bilməyib.

Qarabağ – Səbail: 7 oyun, 6 qələbə, 0 heç-heçə, 1 məğlubiyyət, top fərqi 9-1

“Keşlə” üçün bundan yaxşı fürsət?

Autsayder “Keşlə”ni bu turda “Zirə” ilə qarşılaşma gözləyir. Tərlan Əhmədovun komandası “zirzəmi”dən çıxmağa çalışır, amma komandanın buna gücü çatmır. Bəlkə də, “Zirə” ilə görüşdə bəxt “Keşlə”nin üzünə güldü. Məsələ burasındadır ki, “Zirə” bir neçə gün əvvəl ölkə kubokunun yarımfinalı çərçivəsində “Sumqayıt”la qarşılaşıb və mübarizəni dayandırıb. İndi Samir Abasovun komandasında ruh yüksəkliyi deyilən bir şey olmamalıdır. Kubokdakı uğursuzluqdan sonra futbolçuları “Keşlə” kimi komandaya qarşı kökləmək də asan deyil. Bundan gözəl fürsət? Görək, Tərlan Əhmədovun “igidlər”i bu fürsətdən necə yararlanacaq.

Statistika nə deyir?

Son 4 matçda qonaq tərəf qalib gəlməyib. “Keşlə” ardıcıl iki ev qələbəsi qazanıb.

Keşlə – Zirə: 15 oyun, 4 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət, top fərqi 14-14

Narazı “Sabah”

Ölkə kubokunun final oyununa vəsiqə qazanan “Sumqayıt” Premyer Liqada sonuncu pilləyə yuvarlanmamağın dərdindədir. Əslində, “kimyaçılar”ın kubokun final matçına vəsiqə qazanmasının özü belə, kifayət qədər gözlənilməz oldu. “Sabah”ın isə elitanı tərk etmək qorxusu yoxdur. Bundan əvvəlki turda, “Keşlə” ilə görüşdə heç-heçə edən və rəqibin vurduğu bərabərlik qoluna görə hakimlərdən narazı qalan debütant, Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gəlib. “Sabah”ı hazırda ancaq qərarlaşdığı 5-ci pillədəki yerini qorumaq düşündürür.

Statistika nə deyir?

Meydan sahibi olan tərəf indiyədək qalib gəlməyib. “Sabah” bütün matçlarda qol vurub. Bakılılar hər dəfə bir qol vura bilib.

Sumqayıt – Sabah: 3 oyun, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 5-3

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button