“Mən diktator deyiləm və “Neftçi”də diktator düşüncəli insanın işləməsinə də imkan vermərəm” – Müsahibə

“Neftçi”nin prezidenti Kamran Quliyev hazırkı postunda artıq 4-cü ilini geridə qoyub. Bu müddət ərzində onunla tədbirlərdə, mətbuat konfranslarında üz-üzə gəldiyimiz olub, ancaq üzbəüz görüş, müsahibə ilk dəfə idi. Açığı, onun təkbətək müsahibəyə razılıq verəcəyinə bir o qədər inanmırdım və “hard talk” üslubunda keçirməyi düşündüyüm müsahibə üçün klubun mətbuat katibi Rüstəm Allahverdiyevdən müsbət cavab alanda xeyli təəccübləndim də. Fürsət bu fürsətdir deyib, idman cameəsində AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı kimi tanınan Kamran Quliyevlə söhbətə “ən qədimdən”, “onun futbolumuzdakı yaradılış dövrü”ndən başladıq.

Sumqayıtda kiçik də olsa, klub yaratmışıq

Bu bizim sizinlə ilk tet-a-tet görüşümüz, müsahibəmizdir. Ona görə də suallara “sıfır”dan başlayacağıq. Beləliklə, müxtəlif sahələrdə əmək fəaliyyətinizin istiqaməti 2009-cu ildə birdən-birə futbola doğru çevrildi. Necə baş verdi bu? Futbol sahəsində işləmək təklifi hardan və kimdən gəldi?

– Sirr deyil, təklif Elxan Mənmədovdan gəlmişdi. Biz bir-birimizi uzun müddətdir ki, tanıyırıq. Tələbə yoldaşı olmuşuq. “Futbol xəstəsi” olmuşam hər zaman. Milyonla gənc kimi, mən də futbolla yaşayan, topla qucaqlaşıb, yatanlardan olmuşam. Kifayət qədər təcrübə toplamışdım futbol təsərrüfatına gələnə qədər. “Ailə” TV kabel televeziyasının rəhbəri və həmtəsisçisi olmuşam, bank sektorunda çalışmışam. Futbol təsərrüfatında işləmək isə mənim xəyalım idi. Elxan Məmmədova bir neçə dəfə demişdim ki, futbola gəlmək, özümü Azərbaycan futboluna həsr etmək, ona qulluq etmək istəyirəm. Azarkeş olaraq futboldan nə qədər başım çıxsa da, bu sahədə işləməyə başlayandan sonra gördüm ki, futbol təsərrüfatı başqadır. Çoxuna elə gəlir ki, futbol on bir nəfərin on bir nəfərə qarşı oynamasıdır. Yaxşı futbolçu aldınsa, yaxşı məşqçi götürdünsə, iş bitdi. Yox, elə deyil. Min dənə iş var. Futbolun içində olmayan insan bunu bilməz. Futbola 2009-cu ildə gəldim. AFFA-nın texniki direktoru Bernhard Lippertin müavini idim. A millidən başqa, digər milli komandalara nəzarət, onların bütün işləri ilə məşğul olurdum. Lippert məşqçi olaraq, futbol istiqamətli işlərlə məşğul olurdu, mən isə təşkilati məsələlərə baxırdım. Eyni zamanda, mənim işlədiyim dövrdə məşqçi kursları tam başqa idi. O vaxta kimi Azərbaycanda yalnız A kateqoriyası üzrə kurslar var idi, sonra isə “Pro” kursları üçün UEFA-ya müraciət etmişdik. İlk “Caspian Cup” beynəlxaq turniri mənə tapşırılmışdı. Ondan sonra futbolumuzun 100 illiyi ilə bağlı tədbirlərin təşkilati işləri ilə məşğul oldum. Yaxşı təcrübə idi mənim üçün. 2011-ci ildə isə “Sumqayıt”a gəldim.

“Sumqayıt”a keçidinizdə də Elxan Məmmədovun rolu var idi?

– Təbii ki. “Sumqayıt” Futbol Klubunun təsisçisi və baş sponsoru Azərkimya İstehsalat Birliyidir. Azərkimya İstehsalat Birliyi isə SOCAR-ın tərkibindədir. Klub rəhbərliyi maraqlanıb ki, gənc nəsildən klubun prezidenti postuna kimi gətirmək olar. Namizədlərdən biri mən idim. Açığı, iki nəfər arasında olan söhbətdə iştirak etməmişəm, amma bilirəm ki, Elxan Məmmədov məni tövsiyə edib.

Sizdən əvvəl PFL-in sabiq prezidenti Ramin Musayevdən müsahibə almışdım. Belə bir ifadə işlətmişdi ki, “Neftçi”yə baş məşqçi lazım idi, kimi tövsiyə edə biləcəyimi soruşdular, mən də rəhmətlik Böyükağa Hacıyevi dedim. Özünüz dediniz ki, sizi də “Sumqayıt”a AFFA-nın baş katibi Elxan Məmmədov tövsiyə edib. Bu sualı Ramin Musayevə vermişdim, sizə də verirəm, təsəvvür edin ki, İngiltərə Futbol Federasiyasının prezidenti Ramin müəllimin postunda oturan adama deyir ki, “Mançester Yunayted” niyə bu gündədir? Gəl, bu kluba yaxşı baş məşqçi verək…” Yəni belə azərbaycansayağı söhbət ola bilər orda?

– Azərbaycan futbolu İngiltərə futbolu deyil.

Düşüncə olaraq niyə belədir?

– Əvvəla, Ramin Musayev “Neftçi”nin keçmiş vitse-prezidenti olub.

Amma fikri soruşulanda PFL prezidenti idi.

– Bilirəm. Yeri gəlmişkən, Ramin müəllim uzun illər futbolda çalışıb, ona bundan sonra da uğurlar, cansağlığı arzulayıram. O, “Neftçi”ni yaxşı tanıyanlardan biri idi. Mən inanıram ki, o vaxt təkcə Ramin müəllimin deyil, bir neçə nəfərin fikri soruşulub.

Amma PFL prezidentinin fikri soruşulmalı idimi? Müsahibəsində özü etiraf etmişdi ki, Tahir Süleymonovu “Neftçi”yə vitse-prezident, Qurban Qurbanovu “Qarabağ”a, rəhmətlik Böyükağa Hacıyevi “Neftçi”yə baş məşqçi kimi o “göndərib”. Sizi “Sumqayıt”a Elxan Məmmədov “göndərib”, hələ bilmirəm, bəlkə, “Neftçi”yə keçidinizdə də baş katibin rolu olub…
– Göndərmək və tövsiyə etmək fərqli məsələlərdir.

Siz bilirsiniz, “Neftçi”nin, “Qarabağ”ın daşı nə qədər ağırdır?

Səlahiyyəti varmı buna? Elxan Məmmədovun…

– Üzr istəyirəm, imkan verin, deyim.

Buyurun.
– Mən öz oğlumu çörək almağa göndərə bilərəm və bilirəm ki, o bu tapşırığın öhdəsindən gələ biləcək. Hər bir insan ondan kömək və ya tövsiyə istəniləndə istər-istəməz öz üzərində məsuliyyət hiss edir. Biz bilmədiyimiz nəyisə öyrənmək istəyəndə o sahəyə yaxın olan adamların fikirlərini soruşmuruqmu? Burda əsas məsuliyyət işə götürənin üzərinə düşür. Nə məni “Sumqayıt”a Elxan Məmmədov işə düzəldib, nə də rəhmətlik Böyükağa Hacıyevi “Neftçi”yə Ramin Musayev işə düzəltmişdi. Tövsiyə ediblər, düzdür. Sizə bir sual verim: 11 ildir klub futbolundayam. Razısınız ki, təcrübə üçün az müddət deyil?

Bəli.
– 11 ildir klub futbolunda işləyən adam kimi məndən kimsə fikrimi soruşsa, tövsiyəmi istəsə, verərəm. Çünki ölkəmiz çox da böyük deyil, bu cameədə hamı bir-birini yaxşı tanıyır.

Amma sizin dediklərinizdən fərqli olaraq, həm Ramin Musayev o vaxt, həm də Elxan Məmmədov o vaxt və indi Azərbaycan futbolunda səlahiyyət sahibi olan şəxslərdir. Futbolun birbaşa idarəçisi olan adamlardan gedir söhbət. Misal üçün, PFL prezidenti üçün “Neftçi”yə baş məşqçi tövsiyə etmək, nə deməkdir? Onun tövsiyə etdiyi şəxs sabah gəlib çempion olsa, avrokuboklarda mərhələlər keçsə, bu, “Qarabağ”ın, “Zirə”nin, “Səbail”in və digərlərinin haqqını yemək demək deyilmi?
– İnanın ki, onun tövsiyə edəcəyi 5 adam olsa, həmin 5 adamın da adını çəkər. O 5 adamdan 5-i də uğurlu olsa, heç kimin haqqında girilməyəcək. Siz “Neftçi” ilə “Qarabağ”ın adlarını çəkdiniz.

Mən bir neçə klubun adını çəkdim…
– Siz bilirsiniz, “Neftçi”nin, “Qarabağ”ın daşı nə qədər ağırdır?

Mən “Zirə”nin, “Səbail”in adlarını çəkdim və “digərlərinin” ifadəsini işlətdim.
– “Zirə”yə maliyyə ayıran, orada işləyən adamlar üçün o klub ən üstdədir, mən buna bir söz demirəm. Ölkə miqyasında 90-cı illərə qədər bir ad var idi: “Neftçi”! Düzdür, “Kəpəz”, “Şəmkir” də var idi, heç kimin haqqına girmək istəmirəm. “Neftçi”yə hər kəsi tövsiyə edə bilməzlər, ən yaxşısı tövsiyə oluna bilər. Seçilən adam səhv də edə bilər, mən də səhv etmişəm. Məncə, hər insan onun azarkeşlik mövqeyindən asılı olmayaraq, maraqlıdır ki, ölkədə güclü klublar olsun. Necə ki “Spartak”, “Bayern” və s. kimi klublar var. Bu gün məndən soruşsalar ki, hər hansı klubun baş məşqçi postuna kimi tövsiyə edirsiniz, mənim namizədim olan məşqçinin işi alınmasa, məndən ikinci dəfə soruşarlarmı? Ola bilər ki, soruşmasınlar. Ramin Musayev nə vaxtsa, Böyükağa Hacıyevi “Neftçi”yə, Qurban Qurbanovu nə vaxtsa “Qarabağ”a məsləhət bilibsə… Səhv elədi?

Elə bilirsiniz ki, Ramin Musayevin fikri yalnız “Neftçi” və “Qarabağ” üçün soruşulub?

Səhvindən söhbət getmir. Onun buna səlahiyyəti var idi, yoxsa yox?
– Siz jurnalistsiniz, düzdür? Məni sizi ofisimizə dəvət edib, rahat söhbət edirəmsə, deməli, mən sizi bu sahədə mütəxəssis olaraq qəbul edirəm. Gəlin sizə belə bir sual verim: Azərbaycan idman sektorunda 3-5 ən yaxşı mətbuat xidmətinin rəhbəri kimdir?

Biri elə burada, yanımızda oturub: Rüstəm Allahverdiyev. Adını özü burda olduğu üçün çəkmədiyimə əmin ola bilərsiniz.
– Mən cavab istəmirəm. Sadəcə mənə sizin mövqeyiniz maraqlıdır və şərti olaraq soruşdum. Mən niyə o sualı sizdən soruşdum? Ona görə ki, mən sizin kim olduğunuzu bilirəm, baxmayaraq ki, sizinlə o qədər də tanış deyilik. Amma siz yanlış cavab versəniz, bu, artıq niyyətli olardı, məni səhv yönləndirməyə cəhd olardı. 99 faiz ehtimalla, siz mənə doğru cavab verəcəkdiniz. Çünki bu sahədə mütəxəssis sizsiniz. Mən belə şeyləri sizdən soruşmalıyam, yoxsa ictimai-siyasi yönümlü “Bakinski raboçi” qəzetinin jurnalistindən? Əlbəttə ki, sizdən soruşmalıyam. Ramin Musayevdən soruşulmayıb, kimdən soruşmalıdır?

İdarəçidən deyil.
– İdarəçidən soruşulmalıdır. Məşqçi heç vaxt başqa məşqçini tövsiyə etməz.

Başqa klubun idarəçilərindən soruşula bilər, amma futbol təsərrüfatının ən üst pilləsində dayanan adamlardan deyil. Çünki bu, “daydaylıq” üsuludur.
– Nə ad qoymaq istəyirsinizsə, qoyun. Siz elə bilirsiniz ki, Ramin Musayevin fikri yalnız “Neftçi” və “Qarabağ” üçün soruşulub? Digər klublar üçün soruşulmayıb?

Özünün etiraf etdiyi iki klubdur.
– (gülür) Onda keçək növbəti suala. Bu sualın bir saatlıq cavabı var.

Ovaxtkı “Sumqayıt”ın futbol infrastrukturu elə ayıb vəziyyətdə idi ki…

Yaxşı. Gəldiniz “Sumqayıt”a.
– Mən “Sumqayıt”a Muxtar müəllimin dəvəti ilə gəlmişəm. Görüşmüşük, danışmışıq və razılaşmışıq.

Sizi şəxsən tanıyırdı, yoxsa Elxan Məmmədovun tövsiyəsindən sonra tanıdı?
– Dolayısı ilə tanıyırdı. İnanın ki, Muxtar müəllimi yaxından tanıyan adam kimi deyirəm, o, çox ehtiyatlı, qərarını yüz ölçüb bir biçən insandır.

Yəni tövsiyə o qədər rol oynamayıb?
– Elxan Məmmədovun tövsiyəsi, ən azı, Muxtar müəllim tərəfindən qəbul olunmaq üçün lazım idi. Amma qərar verən Muxtar müəllim idi. İdarəçiliyi çox gözəl bilən insandır.

Yəqin ki, qarşınıza çempionluq məqsədi qoymamışdı?
– Yox. Çünki klub sıfırdan qurulurdu.

Sizin “Sumqayıt” üçün etdikləriniz arasında deyəsən nizam-intizam yaratmağınız daha qabarıq görünür.
– Əsas odur ki, kiçik də olsa, klub yaratmışıq. Kiçik də olsa, stadionu var. Mənim dövrümdə ehtiyat meydançalar salınmışdı, ot örtüyü isə məndən sonrakı dönəmdə döşəndi. Sizə bir fakt deyim, ilk ilimizdə bizim hətta soyunub-geyinmə otaqlarımız da yox idi.

Yadımdadır.
– Hazırlıq dönəmində iki məşq planlaşdırılanda futbolçular ilk məşqdən sonra paltarlarını avtobusda dəyişir, avtobusda istirahət edir, elə avtobus da yemək yeyirdi. Şərait yox idi. Ovaxtkı “Sumqayıt”ın futbol infrastrukturu elə ayıb vəziyyətdə idi ki… Sonra isə sağ olsun dövlətimiz, pul ayırdı, şərait yaradıldı. Mən demərəm ki, “Sumqayıt”ın akademiyasından çıxan futbolçunu biz yetişdirirdik. Amma, məsələn, Səbuhi və Rüfət Abdullazadə qardaşları mənim dövrümdə yetişmişdilər. Onları nə qədər istəyən klub var idi… Getməmələri üçün əməlli-başlı “müdafiə istehkamları” qurmuşduq. Dağıstandan da futbolçular cəlb etmişdik.

Dağıstandan o qədər futbolçu gətirmək layihəsi fiasko deyildi?
– Niyə ki? Şahruddinlə Bədavini misal göstərmək olar. Neçə ildir futbolumuza xidmət edirlər.

Amma gedənlər daha çox oldu. Xüsusilə də, aşağı yaş qrupu üzrə milli komandalara kütləvi axınları var idi. Amma sonra bir-bir “itdilər”.
– Belə cavab verəcəm, təbii ki, 20 nəfər gələrdi 2-si qalardı. Dağıstanlı qardaşlarımızı futbolumuza cəlb etmişdim də, güləşə dəvət etsəydim, 10-dan 6-7-si qalardı.

Neftçi”yə keçidimin söhbəti SOCAR rəhbərliyi ilə Muxtar Babayevin arasında olub

“Sumqayıt”dakı işiniz uğurlu hesab olunduğu üçün Müşahidə Şurası sizi “Neftçi”yə gətirdi, yoxsa bura da tövsiyə ilə gəldiniz?
– Bildiyimi deyəcəm, bilmədiyimi yox. Bilirəm ki, mənim barəmdə söhbətlər olub, amma elə səviyyədə idi ki, mən bilmirdim. SOCAR klubun təsisçisidir, Azərkimya İstehsalat Birliyi isə SOCAR-ın törəmə şirkətidir. Söhbətlər də SOCAR rəhbərliyi ilə Muxtar Babayevin arasında gedib. Yəqin bilmək istəyirsiniz ki, kimdənsə fikir soruşulub, ya yox? Yəqin ki, soruşulub. İstənilən insan bacarığını ortaya qoysa, bəlkə də “Neftçi”ni idarə edə bilər. Amma təkcə bu yetərli deyil. Çox faktorlar olmalıdır. Bu klubda işləyən insan dözümlü, səbirli, təcrübəli olmalıdır. Mən özümdən demirəm bunları…

Bir az da hay-küyçü olmalıdır.
– Arabir o da olmalıdır. Azərbaycanda iki cür idarəçilik var: biri siz dediyiniz, digəri isə “pambıqla baş kəsmək” üsulu. Lazım olanda sərt də davranıram, amma heç kimin haqqına və mənliyinə toxunamamaq şərti ilə.

Artıq illər keçib, yəqin ki, eşitmiş olarsınız, sizdən başqa namizəd olub bu posta?
– Çox adamların adları çəkilirdi. Hətta əvvəlki rəhbərliyin də adı çəkilirdi ki, qayıdacaqlar postlarına. Mətbuatda bəzən elə yazılar yazılır ki, sən özün-özünü də tanımağa başlayırsan (gülür).

Müşahidə Şurasının iclaslarında tənqidlər, hətta mübahisələr də olur

Kamran müəllim, Müşahidə Şurası sistemli idarəetmə ürəyinizcədi? Əliniz-qolunuz bağlı deyilmi?
– Xeyr. Əgər klubda, klubun təsisçisi Müşahidə Şurasını elə Müşahidə Şurası kimi görürsə, qəbul edirsə, onda heç kimin əli-qolu bağlı ola bilməz. Müşahidə Şurasında yer alan insanlarla mütəmadi əlaqəm var. Kiminləsə daha az, kiminləsə daha çox.

Ən çox kiminlə əlaqədə olursunuz?
– Zaur Qəhrəmanovla, Cəbrayıl Cəbrayılovla, Çingiz Abdullayevlə. Çingiz Abdullayevlə həftədə 1-2 dəfə danışırıq.

Yəni maliyyə məsələlərinin həllində kimin sözü daha çox keçirsə, onunla daha çox əlaqə saxlayırsınız.
– Siz azərbaycansayağı deyirsiniz, mən isə elə düşünmürəm. Əzizim, sistem varsa, dəqiqəbaşı və ya həftədə 2-3 dəfə müraciət etməyə ehtiyac yoxdur. Mövsümün əvvəlində oturulur, suallar, məqsədlər ortaya qoyulur və həlli axtarılır. Sistemli yanaşma varsa, hər kəs öz işi ilə məşğul olacaq, heç kim heç kimi dəqiqəbaşı narahat edə bilməyəcək.

Yəni sizi heç kim narahat etmir? Bütün qərarlarınız, təklifləriniz dəstəklənir? İndiyədək heç bir istəyinizə “yox” deyilməyib?
– Müşahidə Şurasının üzvləri müstəqil fikirli insanlardırlar, iclaslarımızda müxtəlif fikirlər olur, tənqidlər olur. Hətta gizlətməyəcəyəm, mübahisələr də olur.

Sizinləmi?
– Təbii ki, mərkəzi aparatla, iş ilə bağlı.

Anladım.
– Yəni bu söhbətlər olur. Müşahidə Şurası məqsədləri, prioritetləri müəyyənləşdirir, bunun əsasında bizim təqdim etdiyimiz istəkləri sponsora yönəldir. Yekun qərar nədirsə, iş planına salırıq. Müşahidə Şurası bundan sonra icraata nəzarət edir, müşahidə edir. Növbəti rüblük və ya altı aylıq, illik yığıncaqda bizdən hesabat istəyir. Vacib məsələlərlə bağlı, məsələn, baş məşqçi, akademiyanın rəhbəri və s. kimi əhəmiyyətli postlara təyinatlarla bağlı müraciət edirik Müşahidə Şurasına. Yəni mən özbaşına deyiləm ki. Hesab edirəm ki, ən doğru sistem elə budur.

Büdcəni də siz təqdim edirsiniz?
– Bəli. Əlbəttə ki.

Müşahidə Şuranız səxavətlidir, yoxsa hər dəfə “kəsir”?
– Müşahidə Şurası maliyyəni azaltmaq hüququna malik deyil axı.

Başa düşürəm, amma hər hansı formada müdaxilə oluna bilər maliyyə istəyinizə.
– Yox, nə danışırsınız? Hər şey yaxşıdır. “Səxavət” sözünün “s” hərfindən başlayaraq hər şey qaydasındadır. Mən onlar tərəfdən bu istiqamətdə hər hansı sıxıntı hiss etməmişəm. Biz özümüz də maliyyə məsələsinə çox ciddi yanaşırıq.

Amma bir ara məlumat çıxmışdı ki, büdcəniz azaldılıb…
– Müəyyən məbləğ var və bu məbləğ müxtəlif istiqamətlər üzrə bölünür. Belə deyək, əsas komanda, akademiya, “Neftçi” TV və s. hər biri fərqli vahiddir. Hərəsinin öz tələbləri var. Təkcə maaş deyil ki. Bu sadaladığım vahidlərin hər birinə yeni əməkdaşların cəlb olunması, onların səfərləri və s. çox intizamlı şəkildə təqdim olunur. Həmişə çalışırıq ki, müəyyən olunmuş çərçivədən sağa-sola çıxılmasın. Ki, ilin axırında hesabat verəndə çətinlik olmasın. Ona görə də çalışırıq ki, sponsorlarımızın sayını daha da artıraq. Onlardan gələn gəlirlər bizə imkan verir ki, maliyyə ucbatından təsdiqini tapmayan bir sıra işləri həyata keçirək. Keçən il avrokuboklardan çox yaxşı pul qazandıq. Hardasa 2,5 milyon avrodan çox idi.

Sponsordan gələn vəsait heç vaxt dəyişməyib, məndən əvvəl nə gəlirdisə, indi də həmin məbləğ gəlir

Hazırda klubun büdcəsi nə qədərdir?
– Axırıncı məbləğ 12 milyon manata yaxındır.

Bu rəqəm Azərbaycan şərtlərində çempionluq üçün kifayət edər yəqin ki.
– Edə də bilər, etməyə də bilər. Biz fikirləşirik ki, daha yaxşı işləməliyik. Əsas sponsordan gələn pulla kifayətlənməməli, əlavə qazanc mənbələri tapmalıyıq.

12 milyonun nə qədərini sponsor vermişdi?
– 60 faizə yaxınını sponsor verib, qalanını özümüz qazanmışıq. Bu, çox yaxşı göstəricidir. Məndən əvvəl işləmiş insanların “bostanına daş atmaq” üçün demirəm…

Atın, problem yoxdur, onlara da cavab haqqı tanıya bilərik.
– Yox, gəlin etiraf edək ki, onların dövründə də “Neftçi” çox yaxşı mövsümlər keçirib. 2011-2013-cü illər qızıl dövr idi. Mən bir az da tərifləməliyəm. 2018-ci ildə gəlmişəm bu kluba. “Neftçi”nin büdcəsinin 80-85 faizi sponsordan gələn pullar idi.

Siz gələndə nə qədər idi büdcə?
– Sponsordan gələn vəsait heç vaxt dəyişməyib. Məndən əvvəl nə gəlirdisə, indi də həmin məbləğ gəlir. 2015-ci ildən nə alırdıqsa, yenə onu alırıq. Sadəcə biz daha uğurlu işlədik. Sponsordan gələn gəlir prioritetlərə əsasən bölünür. Məsələn, borclar. Yenə deyəcəklər ki, Kamran başladı. Hə, var idi də borc, niyə gizlədilməlidir ki? Çox külli miqdarda borcumuz var idi və heç “daxmamız” da yox idi.

Siz gələndə klubun nə qədər borcu var idi?
– 4 milyona yaxın.

Bəs hazırda?
– (əli ilə “sıfır” göstərir) Yoxdur!

Yaxşı göstəricidir.
– Məni həmişə tənqid edirlər ki, bəsdir də borclardan danışdın. Bəs məndən soruşurlarsa, deməliyəm də. Niyə pulun əsas hissəsini əsas komandaya yönəltmədim? Birincisi, büdcə bölgüsü Müşahidə Şurasının səlahiyyətindədir, mən təqdim edirəm, Şura qərar verir. Əgər prioritetlər başqa olsaydı, akademiyaya fikir verməsəydik, infrastruktura fikir verməsəydik, borcları ödəməsəydik, bəlkə də əsas komandaya daha çox pul xərcləyərdik. Demirəm ki, elə olsaydı, çempion olardıq. Amma prioritetlər fərqli olardı. Qoy azarkeşlərimiz eşitsinlər: biz klub olmaq üçün hər sahəyə diqqət yetiririk. Dəqiqəbaşı sponsorun yanına qaçıb mənə bir az pul ver deməklə iş düzəlmir. Daha yaxşı işləməliyik ki, daha çox pul qazanaq. Bunun üçün iki mənbəyimiz var: sponsorlar və avrokuboklar. Mən çox sevinirəm ki, biz neçə ildir, eyni sponsorlarla çalışırıq. Biz bu gün daha çox effektiv işləməliyik, faydalı iş əmsalımız yüksək olmalıdır. Biz artıq borca qulluq etmirik, pulumuzu klubun hərtərəfli inkişafına xərcləyirik. Bu il akademiyamızda yaxşı maaş artımı oldu. Çoxdandır arzusunda olduğumuz ən yaxşı uşaqları, ən yaxşı məşqçiləri kluba cəlb etmək planını işə saldıq.

Amma məşqçilərdən Azər Cabbarovu qalmaqallı şəkildə göndərdiniz…
– Bu klubdaxili məsələ idi. Bircə söz deyim ki, biz məşqçilərin tələblərini qarşılamaq işi ilə yaxından məşğuluq. Ancaq bəzi məşqçilər prioritet seçimində “Neftçi”ni saymayıblar və göndəriliblər. “Neftçi” ad və klub olaraq hər şeydən üstündür, məndən də üstündür. Bu prinsiplərlə yaşamayan məşqçilərlə vidalaşdıq.

“Neftçi”nin maraqları hamıdan üstün olmalıdır, ziddiyyət olanda “Neftçi” səndən çıxa bilməz, ancaq sən “Neftçi”dən çıxa bilərsən!

Zatən Azərin gedişi ilə bağlı iki versiya var idi. Biri sizin dediyinizdir: Zaur Əzizov iclasda elan edib ki, bizim məşqçilər başqa yerdə çalışa bilməzlər. Digər versiya isə odur ki, Azər sözünü deyən adam olduğu, sözəbaxan olmadığı üçün göndərilib.
– Məni heç kimlə səhv salmayın, xahiş edirəm. Mən diktator deyiləm və klubda diktator düşüncəli insanın işləməsinə də imkan vermərəm. Biz 21-ci əsrdə yaşayırıq və 21-ci əsrin klubunu qururuq. Mən şəxsən özüm məşqçilərlə görüşürəm, onların istəklərini, narazılıqlarını da dinləyirəm.

Bəs o da doğrudurmu ki, Azər Cabbarov gedəndə özü ilə bir neçə futbolçunu da “Neftçi”dən qoparmaq istəyib?
– Bütün məşqçilər bunu etmək istəyər, normal bir şeydir. Aparmaq istəyirdi, bəli. Üzərlərində haqqı olan uşaqları aparmasına normal baxıram. Apara bildi, ya yox – bu başqa məsələdir.

Apara bildi, ya yox?
– Biz heç kimi zorla klubda saxlamaq istəmirik. Hazırda proses gedir, kimin qalacağı, kimin gedəcəyi tezliklə bəlli olacaq. Bu işlə idman direktorumuz və akademiyamızın rəhbəri məşğuldur. Mən valideynlərlə də görüşmüşəm.

Narazılıqları var idi?
– Görüşmək istədilər. Sualları, narahatlıqları, narazılıqları var idi. O məşqçini çoxdan tanıyırdılar.

Narazılıqları iki yerdə işləməsi ilə bağlı idi?
– Görüşdə nə danışdığımızı təfərrüatlı şəkildə danışa bilmərəm, yəqin ki, məni başa düşərsiniz. Elə şeylər var ki, deməməliyəm. Mövsümün bitməsinə üç ay qalmış – martda özü ilə görüşmüşdüm. Hər şey normal gedirdi. Azər Cabbarov yaxşı məşqçidir. Amma yaxşı məşqçi olmaq hələ 100 faizlik zəmanət deyil. Burada işləyən hər kəsin beynində bir fikir də demirəm, qanun formalaşmalıdır ki, “Neftçi” və “Neftçi”nin maraqları həmişə və hamıdan üstün olmalıdır. Ziddiyyət olanda “Neftçi” səndən çıxa bilməz, ancaq sən “Neftçi”dən çıxa bilərsən!

– Yaxşı parafraz alındı.

Saleh Arslan, Korner.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button