Kamran Quliyev: “7-8 futbolçu transfer etməyi düşünürük” – MÜSAHİBƏ
“Neftçi”nin prezidenti Kamran Quliyev bu gün yeni forma sponsoru ilə müqavilə imzalanma mərasimində jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, klub prezidenti ölkə kubokunun finalında qarşılaşacaqları “Qəbələ” ilə oyundan gözləntilərini də bölüşüb:
– Azərbaycan kubokunun final matçı ilə bağlı gözləntiləriniz necədir?
– İnşallah, udacağıq. Ümidlərimiz böyükdür. Həm komandaya, həm məşqçiyə, həm də azarkeşlərə. Bildiyim qədəriylə, stadion dolu olacaq. Bizim üçün çox vacib oyun olacaq. “Neftçi” onsuz da oyuna qələbə üçün çıxır. İnanırıq ki, udacağıq.
– Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasaz, Laurentsiu Regekampfla yolları ayıracaqsızmı?
– Gəlin, bununla bağlı sabahdan düşünək. Məşqçimizə inanırıq. Yaxşı transferlər etməyi planlaşdırırıq. Ciddi klublarda çıxış edən futbolçularla danışıqlar aparırıq. Söhbət TOP-5 liqaların klublarının futbolçularından da gedir. İnanmaq istəyirik ki, daha güclü heyətə malik olacağıq. Bilirsiz, dəyişikliyin də mənası olmalıdır. Görürük ki, istədiyimiz oyunu nümayiş etdirə bilmirik. Komandamıza yeni futbolçular gələcək. Çox iddialı heyət qurmaq niyyətindəyik. Bir az gözləmək lazımdır. Artıq çox aktiv işlər görürük. 7-8 futbolçu transfer etməyi düşünürük. Hər mövqeyə yeni adlar düşünürük: həm müdafiə, həm yarımmüdafiə, həm də hücum mövqeyi üçün yeni futbolçular alacağıq.
– Stadionun adının dəyişdirilərək Anatoli Banişevskinin şərəfinə adlandırılmaq ehtimalı var?
– Anatoli Banişevskinin layiq olmadığı bir şey yoxdur. Onun adını “Neftçi” ilə eyni tərəzidə qəbul edirik. Bu, təkcə bizdən asılı olan məsələ deyil. Çünki “Bakcell Arena” AFFA-ya məxsus stadiondur. Gələcəkdə təmir işləri, kommersiyayönlü layihələr düşünürük. Stadionun adını dəyişmək məsələsi haqda sizə birbaşa cavab verə bilmərəm. Bu, ölçülmüş qərar olmalıdır. Anatoli Banişevski və “Neftçi” bir sətirdə yaza bilərik.
– Azərbaycan kubokunun finalını ev stadionunuzda keçirəcəksiz. Bu amil komandaya necə təsir göstərə bilər?
– “Bakcell Arena” bizə bir yox, beş köynək yaxındır. Burada olan hər küncü, köşəni rəqiblərimizdən daha yaxşı bilirik. Futbolçularımız da stadionu daha yaxşı tanıyırlar. Hər şey ola bilər, lakin inanıram ki, kuboka sahib çıxacağıq.
– Zaur Tağızadə nə vaxtsa “Neftçi”yə qayıda bilər?
– Biz Zaurla dostuq. Ondan başqa, klubda iz qoyub gedən digər futbolçularımız iş axtarışında olsaydılar, onlara dəvət göndərən məhz biz olardıq. Hazırda o, başqa klubda çox uğurlu fəaliyyət göstərir. “Neftçi”nin tarixinə düşən adamlar üçün həmişə klubumuzda iş olacaq.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin