“Kamran Ağayev məsələsi də eyni ilə, məşqçilər heyətinin qərarına bağlıdır” – “Qarabağ” rəsmisi
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə (Şimali İrlandiya) ilk oyununda yaxşı təsir bağışlamayanlardan biri də qapıçı Vaqner Silva idi.
Onun uğursuz oyunu ortaya belə bir sual çıxardı: “Qarabağ”a daha səviyyəli qapıçı lazımdırmı? Bir müddət əvvəl “köhlən atlar”la bir neçə qapıçının adı yanaşı hallanırdı. Uzun illər Azərbaycan millisinin qapıçısı olmuş Kamran Ağayevin də “Qarabağ”a keçəcəyi ehtimalı yaranıb.
Bu məsələlərlə bağlı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla danışdıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında bunları dedi:
- Nurlan bəy, komandanın qapıçı axtarışları nə yerdədir? Yəqin razılaşarsız ki, “Linfild”lə oyunda Vaqner yaxşı təsir bağışlamadı.
- Həmin oyunda baş verən səhvə görə qapıçının oyununu dəyərləndirmək düzgün deyil. Bir oyuna görə qərar vermirik. Onun səhv edib-etməməsinə texniki heyət qərar verə bilər. Bizim arayışlarımız hər zaman davam edir. İl ərzində uyğun oyunçulara baxılır. Kimi götürüb, kimi götürməmək texniki heyətin, baş məşqçinin qərarıdır. Hər zaman istənilən mövqeyə oyunçu axtarışları gedir.
- Kamran Ağayev hazırda klubsuzdur. Onun “Qarabağ”a keçidi nə dərəcə mümkündür, Kamranın adı siyahınızda varmı?
- Kamran Ağayev məsələsi də eyni ilə, məşqçilər heyətinin qərarına bağlıdır. Seçimləri onlar edirlər.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin