
“Kamp Nou”dakı işçilər arasında vərəm təhlükəsi
Barselona İctimai Səhiyyə Agentliyi (ASPB) “Barselona”nın “Kamp Nou” stadionunun yenidənqurma işlərində çalışan işçilər arasında vərəm (tuberkulyoz) xəstəliyinin mümkün yayılması ilə bağlı araşdırma başladıb.
Komanda.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.
İşçilərdən birində xəstəlik rəsmi şəkildə təsdiqlənib. Onunla yaxın təmasda olan 23 nəfərdən 3-ü hazırda həkim nəzarətindədir – laborator analizlərin nəticələri gözlənilir.
İlk yoluxma halı tikintidə çalışan bir nəfərin vərəmə xas simptomlarla həkimə müraciət etməsindən sonra aşkarlanıb. Testlər nəticəsində diaqnoz təsdiqlənib.
Hazırda rəsmi qurumlar xəstəliyin yayılmasının qarşısını almaq üçün xüsusi nəzarət protokollarını işə salıblar. Bununla belə, hadisə hələ “epidemiya” sayılmır, çünki bu status üçün ən azı iki bir-biri ilə əlaqəli yoluxma faktı təsdiqlənməlidir.
Eyni zamanda, stadion ərazisində 50 sənədsiz miqrant işçinin deportasiyasına etiraz olaraq aksiya keçirilib. Aksiyaçılar “Barselona” rəhbərliyini insan hüquqlarını pozmaqda və vəziyyətə göz yummada ittiham ediblər.
Bizi Facebook-da izləyin



