“Kəpəz”in xal qazanması və ya məğlub olması bizim üçün maraqlı deyill” – MÜSAHİBƏ
“Səbail”in müdafiəçisi Mert Çelik Tovuzda keçirilən “Turan Tovuz”la matçdan sonra (1:1) Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Oyun haqda fikirlərini bildirərdin…
– Yaxşı oynadığımızı düşünürəm. Şanslarımız çox idi. Amma bunları dəyərləndirə bilmədik. Uduzmadıq matçı. Məğlub olmamaq önəmli idi. Bizim üçün hər bir xal vacibdir. Bir xal qazandığımız üçün həm üzgünəm, həm də sevinirəm.
– Tovuz səfərində oyundan əvvəl bir xal sizi qane edərdi?
– Əslində, bu matça üç xal üçün çıxmışdıq. Bura bir xala görə gəlməmişdik. Rəqibimiz “qırmızı” alıb 10 nəfərlə qaldıqda paltardəyişmə otağında daha istəkli idik. Matçı qazanmaq istəyirdik. Amma bunun üçün dediyim kimi, sevincli deyiləm, üzgünəm.
– İkinci hissəni hücumda keçirdiz, qələbə qolunu vurmaq üçün nə çatışmadı?
– İkinci hissədə daha çox hərəkətli olsaydıq, hücumda daha aktiv olsaydıq, ikinci qolu da vura bilərdik. Dediyim kimi, ilk yarıda da, ikinci hissədə də çox qol epizodları qaçırdıq. Bir az daha sakit qalıb, şanslarımızı dəyərləndirə bilsəydik, matçı qazana biləcəyimizi düşünürəm.
– Əsas rəqibiniz “Kəpəz” də xallar qazanmağa davam edir. Bu rəqabət sizə necə təsir edir?
– “Kəpəz”in xal qazanması və ya məğlub olması bizim üçün maraqlı deyil. Çünki biz öz oyunlarımızı qazanmaq istəyirik. Qalib gəldiyimiz halda da yuxarı pillələrə qalxacağıq. Ona görə də, “Kəpəz”in oyunları qazanıb-qazanmaması bizə maraqlı deyil. Biz öz oyunumuza, öz xallarımıza baxırıq.
– Qış fasiləsindən sonra ən çox xal toplayan komandalardan biri “Səbail”dir. Fasilə sizə necə təsir etdi, nələri dəyişə bildiz?
– Daha çox məşq etməyə, daha çox taktiki çalışmağa zamanımız oldu. Biz də baş məşqçimizin bizə aşıladığı taktikanı daha yaxşı anlamağa başladıq. Həm hücüm, həm müdafiə anlamında. Üç matçda bir qol buraxmışıq. Daha çox qol vura bilərdik. Bundan sonra da qarşımızda “Qarabağ”la kubok oyunumuz var. O matçda da yenə eyni şəkildə qazanmaq üçün meydana çıxacağıq. Növbəti mərhələyə adlamaq üçün oynayacağıq. Bacardığımız qədər qol vurub, daha az qol buraxmaq istəyirik.
– Həm müdafiənin mərkəzi, həm də sağ cinah… Sənin üçün hansı mövqe daha rahatdır?
– Mənim üçün heç fərq etmir, həm sağ cinahda, həm də mərkəzdə… Önəmli olan oynamaq, özünü inkişaf etdirməkdir. Mən də özümü inkişaf etdirmək istəyirəm, yenə yuxarılara, milli komandalara çıxmaq istəyirəm. Onun üçün də mövqe ayırd etmirəm. Mənə harda şans verilirsə, onu yaxşı dəyərləndirməyə çalışıram.
– Milli komanda dedin, mart ayında yığmanın oyunları var. Fernandu Santuşdan dəvət gözləyirsən?
– Santuşdan dəvət gözləməyim üçün mənim bir şeylər göstərməyim gərəkir. Mən də meydanda bunu əlimdən gəldiyincə göstərəcəm. Ondan sonrası baş məşqçilərin işidir. Çağırarlarsa, ən yaxşı şəkildə özümü göstərəcəm, cağırmazlarsa da, çalışıb sonrakı dəfə getməyə çalışacam.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin