“Kəpəz”in legioneri: “Orta pillələrdə yer almaq üçün çalışacağıq”
“Biz nəinki elitada qalmaq, hətta orta pillələrdə yer almaq üçün çalışacağıq”.
Komanda.az xəbər verir ki, bu sözləri “Kəpəz”in qapıçısı Mario Mustapiç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
24 yaşlı futbolçu Gəncə təmsilçisinin azarkeşləri haqda danışıb:
“Məqsədimiz üçün mübarizə apara biləcək gücdə olan yaxşı kollektivə malikik. Komandada super atmosfer, yüksək əhval-ruhiyyə var. Zamanla daha yaxşı oynayıb xallar toplayacağıq. Azarkeşlər bizim güclü tərəfimizdir. Azərbaycana ilk gəlişimdə onların dəstəyini görmüşdüm. İndi də fanatların bizə güclü dəstək verəcəyini gözləyirəm. Azarkeşlərlə birgə komandanı irəli aparacağıq”.
Xorvatiyalı qolkiper qış təlim-məşq toplanışı barədə də fikirlərini bölüşüb:
“Fasilədən sonra ilk turlardan bizi olduqca əhəmiyyətli oyunlar gözləyir. İstirahət etmək, qidalanmaq üçün hər cür imkana malik oteldə qaldıq, məşq etdiyimiz stadionlar da yaxşı idi. Baş məşqçinin təlimatları əsasında çalışdıq. Hazırlığımız da yüsək səviyyədə keçdi. Ümid edirəm ki, “Qəbələ” və “Səbail” ilə ilk çempionat görüşlərində bizə lazım olan xalları toplaya biləcəyik”.
Mustapiç əsas heyətdə çıxış etmək uğrunda rəqabətə hazır olduğunu dilə gətirib:
“Orxan Sadıqlı əla qapıçıdır. Onun oyunlarda əsas heyətdə yer aldığını bilirəm. Mən də cəhd edəcəm ki, ilk “11-lik”də yer alım. Buna görə həm özüm, həm də komanda üçün əlimdən gələni etməyə çalışacam”.
“Kəpəz” bu gün Premyer Liqanın 19-cu turunda “Qəbələ” ilə qarşılaşacaq. Oyun 14:00-da başlayacaq.
Bizi Facebook-da izləyin