“Kəpəz”i Premyer Liqada saxlamaq üçün bütün gücümüzü səfərbər edəcəyik”
“Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis mövsümün ikinci yarısının startına qədər görməli olduqları çox iş olduğunu söyləyib:
“Qısa müddətdə komandanın fiziki durumunu yüksəltməyə və texniki-taktiki baxımdan inkişafına nail olmağa çalışacağıq. Əvvəlki dönəmlərdən fərqli olaraq, budəfəki qış fasiləsi qısadır. Ancaq bu müddətdə heyəti formalaşdırmalıyıq. Komandanı Premyer Liqada saxlamağa çalışacağıq. Bu da gərgin iş tələb edir. Bəzi məqamları futbolçulara daha yaxşı aşılamağa çalışacağıq. Azarkeşlərin də dəstəyi ilə “Kəpəz”i Premyer Liqada saxlamaq üçün bütün gücümüzü səfərbər edəcəyik.
Komandanın oyunu ümidvericidir. Hədəfimiz heyəti bir qədər də gücləndirərək, turnir cədvəlində daha yüksək yerlərə qalxmaqdır. Bəzən bəxtsizlik, bəzən də oyun üslubundakı çatışmazlıqlar uğursuz nəticələrə gətirib çıxarıb.
Amil Yunanovu “Zirə”də işlədiyim dönəmdən izləyirdim. Həmişə bəyəndiyim futbolçu olub. “Sumqayıt”ın heyətində Azərbaycan çempionatının bombardiri də olub. Komandamıza kömək edə biləcək futbolçu olduğunu düşünürəm. Bizdə daha çox oyun şansı qazanaraq əvvəlki formasını bərpa edəcəyinə inanıram. Amilin komandamıza faydası böyük olacaq”.
18 turda 14 xal toplayan “Kəpəz” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin