“Kəpəz” Tərlan Əhmədovu göndərməklə düz etdi?

Rəşad Ergün

Tərlan Əhmədovun “Kəpəz”dən gedəcəyi mövsümün ortasından məlum idi. Onunla klub rəhbərliyinin “kimya”sı tutmadı. Azarkeşlərin nə istədiyi Azərbaycan futbolunda heç nəyi həll etmir, heç vaxt da həll etməyib. Bura Türkiyə, ya da İngiltərə deyil. İstənilən məşqçi sadəcə klub rəhbərliyi ilə dil tapmalıdır.

“Kəpəz” elə bir klubdur ki, futboldan başqa, ciddi heç bir əyləncəsi olmayan Gəncəni təmsil edir, şəhərdəki futbol veteranlarının, məşqçilərin, futbolçuların gözü ancaq bu klubda olur. “Kəpəz” böyük şəhərin futbol adına tək “yağlı tikə”sidir. Klubun ətrafında daim oyunlar olub, olur, olmaqda davam edəcək. Buna görə də, “Kəpəz” rəhbərliyi ancaq onların sözünü eşidən məşqçi arzulayır. Məntiqlə düşünəndə bu da normaldır. Məsələn, Gəncə təmsilçisi üçün vaxtı ilə avrokuboklara vəsiqə qazandığı Şahin Diniyev uğurlu variantdır. Amma mövsümün əvvəlində onu yenidən “sükan arxasına” gətirməyə razı sala bilmədilər. Yeni baş məşqçi Azər Məmmədov təcrübəli, iddialı biri olmasa da, rəhbərliyi razı salan bəzi özəllikləri var. Xüsusən də, başını aşaği salıb, işini görmək baxımından.

Tərlan Əhmədov isə… Yaxşı məşqçidir, “Kəpəz”in Premyer Liqada qalmasında müstəsna xidməti oldu. Amma emosiyaları bir kənara buraxıb, etiraf edək ki, səs-küydən, qarışıqlıqdan qaçmaq istəyən klub rəhbərliyi üçün yetərincə aqressiv biri idi. Elə təkcə mətbuat konfranslarındakı açıqlamaları ilə “Kəpəz”i daim gündəmdə saxlamasını yada salmaq yetərlidir. Bütün bunlar klub rəhbərliyinə qətiyyən sərf etmirdi. Onsuz da, kənarda Maşallah Əhmədov kimi daim hücuma keçməyə hazır “müxalif qüvvə” varkən.

“Kəpəz” yeni baş məşqçi ilə yeni mövsümdə nə edəcək, indidən proqnoz vermək çətindir. Amma inanın, Tərlan Əhmədovla klubun yollarının ayrılması prosesi onlar bir araya gəldiyi anda başlamışdı…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button