“Kəpəz” təkzib etdi: “Ora rəhbərlik tərəfindən polis çağırılmayıb”

Birinci divizionun 23-cü turu çərçivəsində səfərdə “Turan Tovuz”la qarşılaşan “Kəpəz”in qolsuz heç-heçəyə razılaşdığını xəbər vermişdik.

Həmin oyundan sonra “Kəpəz”in “Xəmsə” fan klubunun sosial şəbəkə hesabında maraqlı paylaşım edilmişdi.

Həmin xəbərdə bir qrup azarkeşin narazılığını bildirmək üçün stadiona gedib baş məşqçi və rəhbərliklə görüşmək istədiyi vurğulanmışdı. Lakin bunu eşidən rəhbərliyin arenaya polis çağırdığı vurğulanmışdı.

Məsələ ilə bağlı “Kəpəz”in mövqeyini öyrənməyə çalışdıq. Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Komanda.az saytına açıqlamasında bunları qeyd edib:

“Bəli, oyundan sonra azarkeşlər stadiona gəliblər və klub rəhbərliyi, komandanın kapitanı Əli Səmədovla görüşüblər. Bildiriblər ki, komandanın uğursuz çıxışı onları narahat edir. Klubun icraçı direktoru İlqar Nadiri görüşdə bildirib ki, çalışırlar ki, nəticələr daha yaxşı, uğurlu olsun və bu istiqamətdə işlər davam etdirilir.

“Kəpəz” bir ailə klubudur. Ora rəhbərlik tərəfindən polis çağırılmayıb. Belə bir şey olmayıb. Mehriban görüş olub. Ancaq burada nə mübahisə, nə də insident yaşanıb. Düzdür, azarkeşlər öz narazılıqlarını bildiriblər, ancaq insident olmayıb”.

“Kəpəz” bu mövsüm 23 oyunda 24 xal toplaya bilib və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button