“Deyirdim ki, gələcəkdə belə şey olsa, cəzalanacaqsız, mətbuatda da xəbəriniz yayılacaq” – Müsahibə
“Kəpəz” klubunun baş məşqçisi Yaşar Vahabzadənin Komanda.az saytına müsahibəsi:
– “Kəpəz”in durumu nə yerdədir? Komanda 1-ci divizionda 6-cı sırada qərarlaşıb.
– Son oyunda məğlub olsaq da, pis oynamadıq. Sadəcə, uşaqlar standart vəziyyətdən qol buraxdılar. Hazırlaşırıq, pis getmir. Qarşıda oyunlarımız var. Biz çempionata da gec hazırlaşdıq. İkinci dövrədə hazırlıq üçün vaxtımız olacaq, ola bilsin ki, yeni oyunçular da olsun. Gəncəli futbolçular var, komandaya qayıtmaq istəyirlər. Onların gəlişi ilə komanda bir az da güclənəcək. Bilirsiz ki, bizdə oyunçu qıtlığı var, ehtiyat oyunçular skamyamızda da az oyunçu var. Hər halda, yeni futbolçuların gəlişi ilə həm oyunçu sayı artacaq, həm də rəqabət olacaq. Düşünürəm ki, ikinci dövrəni yaxşı keçirəcəyik.
– İlk dövrəni pis qiymətləndirirsiz?
– İlk dövrəni də pis dəyərləndirmirəm. Hazırlığa həddindən artıq gec başladıq. Bunlara baxanda, pis nəticə deyil. Hələ iki oyunumuz da var. İlk sıralarda olan komandalardan çox aralanmamışıq. Liderlə aramızda 5 xal fərq var, bu, elə də böyük deyil.
– Mövsüm üçün hədəfləriniz nədir?
– Çalışdıqca yuxarı sıralarda olmaq istəyirik. Yenə də deyirəm, mən komandanı qəbul edəndə vaxt azlığı var idi. Mənə dedilər komanda düzəlt, formalaşsın. Yəni ki, normal komanda olsun. Bunun alınması üçün çalışırıq, işlər görülür. Çalışacağıq ki, inkişaf edək. Yerli futbolçular var idi ki, komandadan getmişdilər, onlar da qayıdıb, “Kəpəz”ə kömək etmək istəyirlər.
– Yeni mövsümdə Premyer Liqada komanda sayının artırılacağı gözlənilir. “Kəpəz”i yenidən Premyer Liqada görə bilərikmi?
– Bunlar bizdən asılı olan şeylər deyil. Olsa, yaxşı olardı. Gəncə futbolu həmişə Azərbaycanda öz sözünü deyib. Burda hər zaman böyük futbol olub, olmalıdır da.
– Gəncə şəhər stadionunun durumu necədir?
– Düzdür, bəzi çatışmazlıqlar var. Paltardəyişmə otaqlarında təmir işləri oldu, indi də gedir. Süni meydança da düzəlib. Komandanın aşağı yaş qrupları orda çıxış edir. Bizim gəlişimizdən sonra 17 yaşlılardan ibarət komanda da çempionata qoşuldu. Bu, müsbət haldır.
– Düşünmürsüzmü ki, “Kəpəz”in yeri 1-ci divizion yox, Premyer Liqadır?
– Bu gün burdayıqsa, mübarizə aparmalıyıq. Çalışırıq ki, komandanı düzəldək, azarkeşlər stadiona gəlsin. Komandanın güclü azarkeş dəstəyi var. Əlbəttə ki, bu komanda Premyer Liqada olmalıdır. Mənə elə gəlir ki, mövsümün sonunda bu məsələlərə aydınlıq gələcək.
– Birinci divizionda bölgə komandaları aşağı sıralarda qərarlaşıbsa, Premyer Liqa klublarının əvəzediciləri üst sıralardadır. Bu, nə ilə bağlıdır?
– Ümumi götürəndə, birinci divizionda yüksək səviyyədə komanda yoxdur. Demək olar ki, bütün komandalar eynidir. Ancaq üstünlük odur ki, əvəzedicilərin futbolçuları Premyer Liqada forma geyinir, orda olan oyunçularla məşq edir. Bunlar üstünlükdür. Məncə, bunun hesabına həmin komandalar üst sıralarda yer alır. Əvəzedicilərdə gənc oyunçulardır, ancaq onlar əsas komandada təcrübəli futbolçularla məşq edir, nələrsə öyrənir. Bunlardan əlavə, şərait də öz sözünü deyir.
– Müxtəlif vaxtlarda milli komandalarda çalışmısız. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvlərinin oteldə siqaret çəkmə məsələsinə münasibətiniz necədir?
– Açığı, Gəncədə olarkən komandaya başım o qədər qarışmışdı ki, xəbərim yox idi. Bakıya gəldikdən sonra öyrəndim. Futbolçu bunu etməməlidir, başa düşdüz? Edirsə də, biz məşqçilərin borcudur ki, onu çağırıb, başa salaq. Bildirək ki, yaxşı vərdiş deyil. Cəzalandıra bilərik, ancaq əsas olan, əvvəlcə söhbət etmək, başa salmaqdır. Biz bu yolu keçmişik, hamının öz futbol yolu olub. Gərək başa salasan ki, bu, lazım deyil, sən milli komandanın üzvüsən. Cəzalandırmaq ən asan yoldur. Ən çətini onu bu vərdişdən qaçırmaqdır. Həm klubda olan məşqçi, həm də millidəki söhbət etməlidir. Mən işləyən zamanlarda da bəzi şeylər olub, ancaq onu açıb, qabartmamışam. Uşaqları çağırıb, söhbət edərək, başa salırdım. Deyirdim ki, gələcəkdə belə şey olsa, cəzalanacaqsız, mətbuatda da xəbəriniz yayılacaq. Sonra başa düşüb, gəlib səhvlərini qəbul edirdilər. Ancaq bu yolla həll etmək lazımdır. Cavandırlar, başa salmalıyıq. Biz etdiyimiz səhvləri onlar etməməlidir.
– Bəs U-21-in oyunlarını izləyirsizmi?
– Bəli, baxıram, Bakıda olanda oyunları izləyib, məşqçilərlə görüşürəm. Oynayırlar da, nə bilim, qarşıda da oyunları var (gülür).
– Baş məşqçi Milan Obradoviçin işini necə qiymətləndirirsiz?
– Gəlin, belə deyək də, hər kəsin öz işi var, futbola öz baxışı var. Bu gün mən o haqda nəsə desəm, düz olmur. O da təcrübəli baş məşqçidir, çalışır ki, əlindən gələni etsin. Ona uğurlar arzu edirəm.
– U-21-in son beş rəsmi oyununda sadəcə bir qələbəsi var. Gürcülərə 0:3, fransızlara 0:5 hesabıyla uduzdular…
– Onlara uğurlar arzu edirəm. U-21-də yaxşı oyunçular var, əsas milli üçün də namizədlər var.
– “Kəpəz”in heyətində U-21-ə namizəd oyunçu varmı?
– Bu yaxınlarda 17 yaşlılara Ümid Səmədov cəlb olundu. Oynayırdı, üçüncü turdan sonra əsas heyətə keçdi. Pis uşaq deyil, perspektivi var, 2003-cü il təvəllüdlüdür. Mən ona şans verdim, oynadı və U-17-ə cəlb olundu. Məşqçilər də baxıb, bəyənmişdi. Bundan əlavə, U-21 üçün Elvin Dəmirov var, namizəddir. Uşaqlara deyirəm ki, hər şey sizin özünüzdən asılıdır. Oynasaz, biz məşqçilərlə əlaqədə oluruq, onlara deyərik. Əsas, uşaqların özündən asılıdır.
– Milli komandanın AÇ-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə oyunlarından nə gözləyirsiz?
– Nə gözləyirəm? Onlara uğurlar arzu edirəm. Başqa nəsə demək düzgün deyil. Onların baş məşqçiləri var. Bütün komandaya uğurlar arzu edirəm. Təki yaxşı oyun göstərsinlər, əzmkar, mübariz komanda olsun meydanda.
– İki oyunda xal qazanmaq mümkündürmü?
– Mənə “Kəpəz”lə bağlı nə sualın var, ver. Yenə də deyirəm, uğurlar arzu edirəm. Futbol oynamağı bacarırlar, əzmkarlıq olsa, nəticə də gələcək.
– Premyer Liqanın oyunlarını izləyirsizmi?
– Bəli, izləyirəm.
– Çempionluq yarışını necə görürsüz?
– “Neftçi”ni fikirləşirdim. Ancaq “Keşlə” ilə oyunda məğlubiyyət onları bir az da geri saldı. Açıq-aydın görünür ki, “Qarabağ” bütün komandalardan üstündür. Digər 7 komanda da avrokuboklar üçün mübarizə aparacaq.
– “Qarabağ”ın APOEL-ə məğlubiyyəti…
– İzlədim və çox məyus oldum. Bu, futboldur, burda yaradılan imkanlar boşa verilməməlidir. Bugünkü gündə hər şey “Qarabağ”dan asılıdır. Bəzi məqamlar da onlardan asılı deyil.
– Artıq qrupun taleyi APOEL-in əlindədir…
– Hə də, “Düdelanj”la oyunu hər halda əsas olacaq.
– Sizcə, nəyə görə “Qarabağ” bu mövsüm 4 dəfə qarşılaşdığı APOEL-i sadəcə bir dəfə məğlub edə bildi?
– Futboldur da, elə komandalar var ki, bir-birlərinə uyğun deyil. APOEL də elə komandalardandır. “Qarabağ”da hər şey alınırdı, ancaq nəticə baxımından hər şey rəqibin xeyrinə idi. Hərdən belə uyğunsuz komandalar olur.
– Gələcəkdə sizi Premyer Liqada görə bilərikmi?
– Bu, məndən asılı deyil. Əlbəttə, hər məşqçi istəyir ki, əsas liqada çalışsın. İndi birinci diviziondayam. Gərək mənim qurduğum komanda hansısa əsas liqa klubunun rəhbərliyinin xoşuna gəlsin. Təbii ki, istəyərəm Premyer Liqada çalışım.
– Qış fasiləsində komandaya yeni oyunçuların cəlb ediləcəyini dediz. Kamran Ağayev, Vaqif Cavadov kimi oyunçular hazırda klubsuzdur. Onlara dəvət göndərmək kimi düşüncəniz yoxdur?
– Əəə, bir dəqiqə dayan, onlar Premyer Liqada oynamalı oyunçulardır.
– Elə görünür ki, Premyer Liqadakı klublardan heç biri Vaqifi, Kamranı istəmir.
– Yox, elə futbolçuları dəvət etmək üçün komandanın şəraiti olmalıdır. Bu dəqiqə bizdə elə şərait yoxdur axı. Dəvət göndərmək düzgün olmaz. Premyer Liqa olsa, bəlkə. Onlar vaxtilə milli komandanın aparıcı oyunçuları olub. Vaqiflə Kamran Premyer Liqa klublarının diqqətində olmalıdır.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin