“Kəpəz” baş məşqçi məsələsində “ilişib”: Pul azalıb, heyət keyfiyyətsizdir

“Kəpəz” yenə uduzdu. Bu dəfə artıq istefaya göndərilən Adil Şükürovun rəhbrəliyi altında yox, baş məşqçi postunda müvəqqəti olan Xaliq Mərdanovun başçılığı ilə. Premyer Liqanın 6-cı turunda “Turan Tovuz”a 0:3 hesablı yenilgi gəncəlilərin cari mövsümdə 6-cı məğlubiyyəti oldu. Nə qələbə var, nə heç-heçə.

Amma “Kəpəz” azarkeşləri ümidlidir. Ümid edirlər ki, yeni baş məşqçinin gəlişi ilə bu vəziyyətdən çıxmaq mümkün olacaq. Yeni baş məşqçinin adı isə bu həftə məlum olmalıdır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz” rəhbərliyi baş məşqçi məsələsində necə deyərlər, dalana dirənib. Klub rəhbərliyi mətbuatda səsləndiyi kimi, daha çox keçmiş baş məşqçilərindən birinin – Şahin Diniyev, Tərlan Əhmədov və ya Azər Bağırovun yenidən “sükan arxasına” keçməsində maraqlıdır. Ancaq məsələ burasındadır ki, klubun danışıq apardığı məşqçilər komandanın heyətinin keyfiyyətindən narazıdır. Onlar artıq səbri daşmaqda olan gəncəli azarkeşlərin və mətbuatın təzyiqi qarşısında “Kəpəz”in baş məşqçisi olmaqla necə ağır bir yükün altına girə biləcəklərini anlayırlar. Əsas məsələ isə dediyimiz kimi, yayda edilən transferlərin keyfiyyətinin klubun danışıq apardığı məşqçiləri razı salmamsıdır. “Kəpəz” rəhbərliyi isə yeni baş məşqçiyə qış transfer pəncərəsində yeni oyunçular alınacağı vədini verməkdə çətinlik çəkir. Çünki artıq klubu tərk edən bəzi sabiq rəsmilər əsas vəsaitin hazırkı heyətdəki legionerlərin alınmasına sərf edilməsinə “nail olub”.

İstənilən halda, qarşıdakı bir neçə gündə “Kəpəz” yeni baş məşqçisinin adını açıqlayacaq, buna məcburdur. Bu ağır yükün altına kimin girəcəyini hamı maraqla gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button